RƏSMİ XRONİKA
HÜZN GÜNÜ – QƏHRƏMANLIQ, MƏĞRURLUQ VƏ SINAQ GÜNÜ
20 YANVAR FACİƏSİNİN 12-Cİ İLDÖNÜMÜNƏ VƏ ŞƏHİDLƏRİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ MƏRASİM
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR
12 il əvvəl, 1990-ci il yanvarın 19-dan 20-nə kecən gecə Sovet İttifaqı rəhbərliyinin və onun Azərbaycandakı nökərlərinin əli ilə xalqımıza qarşı qanlı qırğın törədilmişdir.
Lakin daim humanizmdən dəm vuran sovet imperiyasının tarixində ən qara səhifələrindən biri olan Qanlı Yanvar hadisəsi zamanı seçmə ordu hissələrinin, xüsusi təyinatlı dəstələrin törətdikləri qəddarlıq xalqımızın azadlıq eşqini söndürə, onun iradəsini, mübarizə əzmini qıra bilmədi. Hərbi, mənəvi, siyasi təcavüzə məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı doğma vətənin suverenliyi və azadlığı naminə ən ağır sınaqlara tab gətirdiyini, lazım gəldikdə şəhid vermək əzmini dünyaya bir daha nümayiş etdirdi. Canlarından əziz tutduqları vətənimizin istiqlalı yolunda şəhidlik zirvəsinə ucalmış qeyrətli Azərbaycan övladları xalqımızın şanlı tarixinə daha bir qəhrəmanlıq salnaməsi yazdılar.
Üstündən illər ötsə də, biz o müdhiş gecəni unutmur, şəhidlərin əziz xatirəsini qəlbimizdə yaşadır, onları ehtiramla yad edirik. Bu, daim belə olacaqdır. Azərbaycan Prezidenti Heydər Əliyevin dediyi kimi, “Xalqımız o günü heç vaxt unutmayacaqdır. Çünki o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi, bu, bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən hərbi təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır”.
Yanvarın 19-da Resuplika sarayında 20 yanvar faciəsinin 12-ci ildönümünə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş mərasim keçirilmişdir.
Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə iştirak etmək üçün saraya gəldi.
Salona toplaşanlar dövlətimizin başçısını böyük ehtiramla qarşıladılar.
Qara Qarayevin məşhur “Rekviyem”inin həzin musiqisi salona yayıldı.
Mərasimin aparıcısı “20 Yanvar faciəsinin 12-ci ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını oxudu.
Qanlı Yanvar hadisələri zamanı sovet qoşunlarının törətdikləri vəhşilikləri, şəhidlərin dəfnini əks etdirən sənədli kinokadrlar salona toplaşanları, eləcə də televiziya ilə birbaşa yayımlanan mərasimi izləyən respublikamızın sakinlərini xəyalən bir daha həmin məşum günlərə apardı.
İncəsənət ustalarının hazırladıqları, respublikanın xalq artisti Rauf Abdullayevin idarəsi ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, əməkdar incəsənət xadimi Gülbacı İmanovanın rəhbərliyi ilə Dövlət Xor Kapellasının ifasında bəstəkarlardan Tofiq Bakıxanovun, Azər Rzayevin, Sərdar Fərəcovun, Azər Dadaşovun əsərləri ilə müşayiət edilən son dərəcə təsirli musiqili-ədəbi kompozisiyaya həyəcansız baxmaq mümkün deyildi. Şəhidlərin dəfnini, İlham və Fərizənin nakam məhəbbətini əks etdirən səhnələr xüsusilə təsirli idi.
Kinokadrlar yenidən Şəhidlər xiyabanını göstərir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş oğul-qızlarımızın uyuduqları bu müqəddəs and yerini ziyarət edərək, şəhid məzarlarının üzərinə al qərənfillər düzür, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyur.
Rejissor Əsgər Əsgərovun quruluş verdiyi musiqili-ədəbi kompozisiya Şəhidlər xiyabanının təsviri fonunda 20 Yanvar faciəsi qurbanlarının bir-birini əvəzləyən portretlərinin nümayiş etdirilməsi ilə başa çatdı.
Bəli, müqəddəs Qurani-Kərimdə deyildiyi kimi, “şəhidlər ölmür, onlar daim diridirlər”. Şəhidlərin yolu geriyə yox, yalnız irəliyə, ucalıqlara, əbədiyyətədir!
X x x
Mərasimdə Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, parlament sədrinin, baş nazirin müavinləri, nazirlik və komitələrin, dövlət şirkətləri və konsernlərinin rəhbərləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, respublika ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Foto Oqtay Aydınoğlunundur