SİYASƏT
Haaqada 27 Sentyabr- Anım Günü ilə əlaqədar şəhidlərin ruhuna dualar oxunub
Haaqa, 28 sentyabr, AZƏRTAC
Haaqada Azərbaycan səfirliyində 27 Sentyabr- Anım Günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Anım Günü tədbirində səfirliyimizin əməkdaşları, eləcə də Niderlandda yaşayan soydaşlarımız iştirak ediblər.
Anım Günü tədbiri Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra tədbir iştirakçıları Azərbaycan torpaqlarının azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Anım Günü ilə bağlı hazırlanmış film nümayiş olunduqdan sonra səfir F. Axundov 44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sayəsində torpaqlarımızın azad edilməsindən, Ermənistanın Azərbaycan dövlət sərhədində törətdiyi son hərbi təxribatdan danışıb.
Niderland Krallığındakı Azərbaycan diasporasının nümayəndələri çıxış edərək, Vətən müharibəsində oğullarımızın rəşadətindən söz açıblar.
Qeyd edək ki, bu gün Haaqa məscidində Azərbaycan şəhidlərinin ruhuna dualar oxunub, məscidi ziyarət edənlərə ehsan paylanıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa