CƏMİYYƏT


Haaqada Azərbaycana dəstək ifadə olunub

Bakı, 15 oktyabr, AZƏRTAC

Niderlandın Haaqa şəhərində müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə toplantı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Ana Vətən” Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə qurumun rəhbəri, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva, niderlandlı millət vəkili Tunahan Kuzu, Holland-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Avropa Azərbaycanlıları Media Qrupunun sədri Emil Əliyev, Niderland-Azərbaycan “Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırova, diaspor fəalı İlkanə Goja və digərləri iştirak ediblər.

Tədbir iştirakçıları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən uzaqda yerləşən Gəncə, Mingəçevir və digər şəhərlərə istifadəsi qadağan olunmuş raketlərlə zərbələr endirməsini sərt şəkildə pisləyiblər. Ermənistanın mülki vətəndaşlarımızı hədəfə alması amansız terror aktı və bütün beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirilib. İşğalçı Ermənistan hökumətinin uşaq qatili kimi beynəlxalq tribunal qarşısında cavab verməli olacağı vurğulanıb.

Toplantı zamanı Avropa Parlamentinə, Niderland parlamentinə və Niderlandın Xarici İşlər Nazirliyinə ünvanlanmış bəyanat qəbul edilib. Bəyanatda Niderland hökumətinə, dünya birliyi və beynəlxalq təşkilatlara Ermənistanın təxribatçı hərəkətlərinin pislənməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olunması ilə bağlı qətiyyətli addımlar atmaq üçün çağırış edilib.

Tədbir “Qarabağ Azərbaycandır!” şüarının birlikdə səsləndirilməsi ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.