SİYASƏT


Haaqada Qərbi Azərbaycan İcmasının Avropa Nümayəndəliyinin ilk iclası keçirilib

Haaqa, 22 may, AZƏRTAC

Haaqada Qərbi Azərbaycanlılar İcmasının Avropa nümayəndəliyinin ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, nümayəndəliyin yaradılmasında məqsəd Qərbi azərbaycanlıların ermənilər tərəfindən son əsrdə tapdalanmış haqlarının bərpasını tələb etməkdir. İclasda Avropada yaşayan Qərbi azərbaycanlıları bir araya gətirmək, eləcə də nümayəndəliyin digər böyük Qərb ölkələrində də filiallarının yaradılması müzakirə olunub.

Hollanda–Azərbaycan Türk Kültür Dərnəyinin qərargahında keçirilən iclasda Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının beynəlxalq əlaqələr üzrə sədr müavini dosent Həqiqət Hacıyeva, Hollanda–Azərbaycan Türk Kültür Dərnəyinin rəhbəri İlham Aşkın, eləcə də Qərbi Azərbaycanlılar İcması idarə heyətinin üzvləri iştirak ediblər.

Nümayəndəliyin sədri Sima Cəfərova çıxış edərək, görülən işlərdən danışıb. Sonra Avropada yaşayan Qərbi azərbaycanlılarla əlaqə yaradılması, Qərbi Azərbaycan problemini Avropa İctimaiyyətinə birgə səylərlə çatdırmaq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

İştirakçılar 1988-ci ildə Qərbi Azərbaycandan soydaşlarımızın ermənilər tərəfindən deportasıyasına dünya mediasının göz yummasına təəssüflərini bildiriblər. O dövrdə “dəmir pərdə” arxasında qalmış Sovet İttifaqı öz ərazisində baş verənləri ört-basdır edirdi. Buna görə də bir milyona yaxın soydaşımızın Ermənistandan qovulmasından, onların üzləşdikləri problemlərdən dünya ictimaiyyəti, hətta keçmiş sovet ölkələri də xəbərsiz qalıb. Belə məqamların dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərəcək Qərbi Azərbaycan İcmasının Avropa Nümayəndəliyinin vaxtaşırı toplaşmasının vacibliyi vurğulanıb.

Toplantıya videoəlaqə vasitəsilə qatılan dosent Həqiqət Hacıyeva iştirakçılara uğurlar arzulayıb və nümayəndəliyin fəaliyyətinin perspektivlərindən danışıb.

İclas nümayəndəliyin fəaliyyətinin bütün Avropanı əhatə etməsi və böyük ölkələrdə filialların təsis olunması barədə müzakirələrlə davam edib. Soydaşlarımız Qərbi Azərbaycanda (indiki Ermənistanda) son 100 ildə əcdadlarına qarşı ermənilər tərəfindən törədilmiş haqsızlıqları xatırladıblar.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Haaqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.