SİYASƏT


Haçiyoci Beynəlxalq Əməkdaşlıq Festivalında Azərbaycanın qazandığı uğurlardan danışılıb VİDEO

Tokio, 8 oktyabr, AZƏRTAC 

Yaponiyanın Haçiyoci şəhərində keçirilən Beynəlxalq Əməkdaşlıq Festivalında Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra qazandığı uğurlardan danışılıb.

AZƏRTAC xəbər verir ki, festivalda əvvəlcə şəhər bələdiyyəsinin sədri Takaşi İşimori və digər rəsmi şəxslər iştirakçıları salamlayıblar. Bildirilib ki, bu şəhərdə yaşayan Azərbaycan, İndoneziya, Koreya Respublikası, Braziliya, Çin, Pakistan, Ekvador, Nepal, Tailand, Peru və digər ölkələrin nümayəndələrinin qatıldığı festival bu xalqların bir-birinin mədəniyyətini, adət-ənənələrini, dilini öyrənmək, sıx qonşuluq və dostluq münasibətləri qurmaq baxımından əhəmiyyətlidir. Bu cür tədbirlər həm də yapon gənclərin həmin xalqları yaxından tanımasına imkan yaradır.

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin hazırladığı stenddə milli adət-ənənələrimizi əks etdirən eksponatlar, Heydər Əliyev Fondu tərəfindən ölkəmiz haqqında yapon dilində dərc edilmiş nəşrlər, “İRS-İsan” jurnalının nömrələri festival iştirakçılarına təqdim edilib. Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu eksponatlar tədbirdə iştirak edən yaponlar, eləcə də digər xalqların nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycanın turizm imkanları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, milli mətbəximiz, xalçaçılıq sənəti barədə geniş məlumatları özündə əks etdirən həmin nəşrlər festival iştirakçılarına paylanıb.

Festival çərçivəsində keçirilən təqdimatlarda Haçiyoci şəhərində yaşayan həmyerlimiz, mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, elektronika sahəsində tanınmış alim Xəlil Kələntər və Tokio “ISI” Yapon Dili Məktəbinin tələbəsi Fidan Hüseynova çıxış edərək Azərbaycanın coğrafi mövqeyi, dövlətçilik tarixi, cari ildə 100 illiyi qeyd olunan Azərbaycan Xalq Cümhuriyyəti, ölkəmizin son illərdə qazandığı uğurlar barədə ətraflı məlumat veriblər. Bildiriblər ki, müstəqilliyinin bərpasından ötən dövrdə böyük uğurlara imza atan Azərbaycan beynəlxalq aləmin ayrılmaz parçasına, siyasi və iqtisadi sahədə etibarlı müttəfiqə çevrilib. Dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanda bu gün beynəlxalq tədbirlər, konsertlər və idman yarışları yüksək səviyyədə təşkil olunur. 2018-cı ilin Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini vurğulayan həmyerlilərimiz onun müsəlman Şərqinin ilk parlamentli respublikası olması, burada bir çox Avropa və Asiya ölkələrindən əvvəl qadınlara səsvermə hüququnun verilməsi barədə ətraflı danışıblar. Bu gün Azərbaycanın tolerant, müxtəlif dinlərin dostluq şəraitində yaşadığı nümunəvi ölkə olduğu xüsusi vurğulanıb. Festival zamanı “Jale Japan” şirkəti tərəfindən iştirakçılara Azərbaycan məhsulu olan “Jalə” nar şirələri də təqdim edilib.

Azərbaycan stendinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi qeyd edən festivalın təşkilatçısı, Haçiyoci Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının sədri Hirano Yoşizo AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, bu ölkədə artıq bir ənənəyə çevrilmiş beynəlxalq əməkdaşlıq festivalı həm yaponların fərqli mədəniyyətləri, həm də bu ölkədə yaşayan əcnəbilərin yapon mədəniyyətini öyrənməsi baxımından çox əhəmiyyətlidir. Hazırda Haçiyoci şəhərində 13 mindən çox əcnəbinin yaşadığını qeyd edən sədr belə tədbirlərin həmin insanlarla yerli sakinlər arasında dostluq münasibətlərinin formalaşmasında mühüm rol oynadığını da bildirib.

Azərbaycan stendini yüksək qiymətləndirən H.Yoşizo vurğulayıb ki, həm stend, həm də festival çərçivəsində edilən təqdimatlar Azərbaycanı Yaponiyada daha geniş tanıtmaq üçün əlverişli imkandır. Yaponların əksəriyyəti Azərbaycanı əsasən neft-qaz ölkəsi kimi tanısalar da, bugünkü məlumatlar ölkənizin həm də qədim və zəngin tarixə, mədəniyyətə malik olduğunu deməyə əsas verir. Eyni zamanda, Azərbaycanın ləziz mətbəxi, müasir turizm infrastrukturuna malik olması gələcəkdə oraya daha çox yapon turistin səfər etməsinə səbəb olacaq.

“Düşünürəm ki, məşhur Avropa dövlətləri arasında özünə yer etməyi bacaran Azərbaycan ərazicə kiçik olmasına baxmayaraq, artıq kifayət qədər böyük nüfuz qazana bilib. Çox arzu edərəm ki, azərbaycanlı tələbələr Haçiyoci universitetlərində də təhsil alsınlar. Əminəm ki, Azərbaycan stendi gələn il daha əzəmətli, təqdim etdiyiniz proqram isə daha zəngin olacaq”, - deyə o əlavə edib.

Festival müxtəlif xalqların rəqs və mahnılarının nümayiş etdirildiyi bədii proqramla başa çatıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.