SİYASƏT


Haçiyoci Beynəlxalq Əməkdaşlıq Festivalının iştirakçıları ölkəmiz barədə ətraflı məlumatlandırılıb VİDEO

Tokio, 7 oktyabr, AZƏRTAC

Yaponiyanın Haçiyoci şəhərində keçirilən Beynəlxalq Əməkdaşlıq Festivalında Azərbaycan stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycan ilə yanaşı, Haçiyoci şəhərində yaşayan Pakistan, ABŞ, Çin, Almaniya, Malayziya, Peru, Vyetnam, Nepal və digər ölkələrin nümayəndələri də iştirak ediblər.

Festivalın açılış mərasimində çıxış edən şəhər bələdiyyəsinin sədri Takaşi İşimori və digərləri iştirakçıları salamlayıblar. Bildirilib ki, Haçiyoci şəhərində yaşayan müxtəlif xalqların nümayəndələrinin qatıldığı festival həmin xalqların mədəniyyətini, adət-ənənələrini öyrənmək, mehriban qonşuluq və dostluq münasibətləri qurmaq baxımından əhəmiyyətlidir.

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin hazırladığı stenddə milli adət-ənənələrimizi əks etdirən eksponatlar, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən ölkəmiz haqqında yapon dilində dərc edilmiş nəşrlər, “İRS-İsan” jurnalının nömrələri təqdim edilib. Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu eksponatlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, elektronika sahəsində tanınmış alim Xəlil bəy Kələntər və təşkilatın üzvləri Azərbaycan, onun coğrafi mövqeyi, müstəqilliyi bərpa etdikdən sonra əldə edilən uğurlar barədə ziyarətçiləri ətraflı məlumatlandırıblar. Festival iştirakçıları və qonaqlar Azərbaycan stendinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi qeyd ediblər.

Haçiyoci şəhər parlamentinin sədri Kengi Hamanaka AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, Azərbaycan stendi zənginliyi ilə onun diqqətini cəlb edib. Parlamentin sədri deyib: “Yaxşı bilirsiniz ki, Azərbaycan ilə Yaponiya arasında sıx iqtisadi əməkdaşlıq mövcuddur. Yaponiyanın bir çox şirkətləri Azərbaycan tərəfindən həyata keçirilən beynəlxalq neft və qaz layihələrində yaxından iştirak edirlər. Çox istərdim ki, Haçiyoci şəhəri olaraq da Azərbaycan ilə əlaqələr quraq. Bildiyiniz kimi gələn il Tokioda Yay Olimpiya Oyunları keçiriləcək. Azərbaycan idmançılarının uğurları barədə kifayət qədər məlumatlıyıq. Arzu edərdim ki, Azərbaycan idmançılarının bir qrupu oyunlar zamanı bizim şəhərə səfər edərək yerli əhalinin qonağı olsun. Təbii ki, bu bizi daha da yaxınlaşdırar, əməkdaşlıq üçün yaxşı zəmin yaradar. Xalqınıza uğurlar və firavan həyat arzulayıram”.

Festival müxtəlif xalqların mahnılarından və rəqslərindən ibarət bədii proramla başa çatıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.