REGİONLAR
Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 64 kilometrlik hissəsi yenidən qurulub VİDEO
Bakı, 12 yanvar, AZƏRTAC
Respublikanın avtomobil yolları şəbəkəsinin yenidən qurulması və bərpası layihəsi çərçivəsində, ölkənin cənub-qərb magistral avtomobil yolunun (M6) tərkib hissəsinə aid olan Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 64 kilometrlik (113-177) hissəsinin yenidən qurulması işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yekunlaşdırılıb.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Beyləqan və Füzuli rayonlarından keçən yolda tikinti quraşdırma işləri iki hissədən ibarət olmaqla həyata keçirilib. Belə ki, I hissə 113-138 kilometr arası məsafəni, II hissə isə 138-177 kilometr məsafəni əhatə edir.
Yenidənqurma işləri çərçivəsində yolboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, xüsusi material tökülərək kipləşdirmə işləri aparılıb, daha sonra yol yatağı və yol əsası inşa edilib. Torpaq işlərindən sonra yolun asfaltlanması işlərinə başlanılıb. Ümumilikdə yolun 500 min kvadratmetrdən çox hissəsinə 2 qat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtüyü döşənib.
Məlumata görə, III texniki dərəcəyə uyğun yenidən qurulan 2 hərəkət zolaqlı yolun hərəkət hissələrinin hər birinin eni 4 metr, çiyinlərin 2 metr olmaqla yol yatağının ümumi eni 12 metr təşkil edir.
Bundan başqa, yenidən qurulan yolun üzərindəki 9 ədəd 2 aşırımlı, uzunluqları 24-36 metr olan avtomobil körpülərinin əsaslı şəkildə təmiri də yekunlaşdırılıb. Təmir işləri çərçivəsində körpünün hərəkət hissələrinin eni 10-12 metrə qədər genişləndirilib. Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin yolboyu rahat və maneəsiz hərəkətini təmin edib.
Layihəyə uyğun olaraq, yolboyu 38 ədəd müxtəlif diametrli suötürücü borunun təmiri və tikintisi həyata keçirilib və 30 avtobus dayanacağı quraşdırılıb. Hərəkətin normal təşkili üçün yolboyu 2710 ədəd siqnal dirəkləri, 515 ədəd yol nişanı və məlumatverici lövhə qoyulub, yolun üfüqi nişanlanma xətləri çəkilib.
Həmçinin qeyd olunub ki, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 0-112 kilometrlik hissəsi 2015-ci ildə II texniki dərəcəyə uyğun yenidən qurularaq istifadəyə verilib.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yol başlanğıcını məhz Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun təqribən 177-ci kilometrindən götürür. Magistral yolun 64 kilometrlik hissəsinin yenidən qurulması ilə Bakı şəhərindən istər Beyləqan və Füzuli rayonlarının yolboyu yerləşən yaşayış məntəqələrinə, istərsə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə rahat, maneəsiz və təhlükəsiz şəkildə gediş-gəliş təmin olunub, yük və sərnişin daşıması asanlaşıb.