REGİONLAR
Hacıqabul-Muğan avtomobil yolu yenidən qurulub VİDEO
Bakı, 2 sentyabr, AZƏRTAC
Hacıqabul rayonunun Hacıqabul–Muğan avtomobil yolunun yenidənqurma işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən artıq yekunlaşıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 11,5 kilometr olan avtomobil yolunun 6,4 kilometrlik hissəsi III texniki dərəcəli, 5,1 kilometrlik hissəsi isə şəhərdaxili yoldur. Bu səbəbdən yolun hərəkət hissəsinin eni müxtəlif ərazilər üzrə fərqlidir və 7-20 metr arası dəyişərək 2-5 hərəkət zolağı təşkil edir. Yolun hər bir istiqaməti üzrə 2,5 metr enində çiyinlər, şəhər daxilində isə piyada səkiləri mövcuddur.
Yenidənqurma işləri çərçivəsində asfalt-beton örtüyünün köhnə üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu çıxarılaraq əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib, atmosfer sularının axıdılması üçün 720 poqonmetr uzunluğunda borular, 40 suqəbuledici barmaqlıqlar quraşdırılıb.
Bundan başqa, yolboyu piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə, mövcud piyada səkiləri bərpa olunub, kənarlarına 1600 poqonmetr yeni səki daşları düzülüb. Həmçinin Hacıqabul-Muğan avtomobil yolu boyunca əsaslı təmir işlərinin sonuncu mərhələsi üzrə asfaltlanma işləri aparılıb. Yola ərazilərdən asılı olaraq bir-neçə laydan ibarət yeni asfalt-beton qarışığı döşənib. Avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yolboyu 77 müxtəlif yol nişanı və məlumatverici lövhə, 196 siqnal dirəyi quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib.
Yolun yenidən qurulması 32 min əhalinin yaşadığı 2 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsinin daha da yaxşılaşmasına, yük və sərnişin daşımasının asanlaşmasına müsbət təsir edəcək. Ən əsası isə əhalinin bir neçə istiqamətdən həm Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna, həmçinin Hacıqabul-Şirvan avtomobil yolu vasitəsilə respublikanın digər şəhər və rayonlarına rahat çıxışı təmin olunacaq.