REGİONLAR


Hacıqabul Sənaye Məhəlləsində “QAZ” avtomobillərinin istehsalı zavodunun təməli qoyulub VİDEO

Dəyəri 14 milyon manat olan layihə üzrə zavodda ildə 1000 avtomobil istehsal ediləcək

Hacıqabul, 9 fevral, Elvin Camalov, AZƏRTAC

Fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş” ASC-nin Rusiyanın “QAZ Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub.

AZƏRTAC xəbər verir ki, təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyəti və Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov iştirak edib.

Məlumat verilib ki, istehsal gücü ildə 1000 ədəd avtomobil olan zavodda 100 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Dəyəri 14 milyon manat olan layihə üzrə anlaşma memorandumu ötən ilin aprelində imzalanıb. Layihənin icraçısı olan “Azərmaş” ASC-yə Hacıqabul Sənaye Məhəlləsinin iştirakçısı statusu verilib. Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun yaradılması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradacaq.

Sonra tədbir iştirakçıları zavodda istehsal edilməsi nəzərdə tutulan avtomobil modelləri və Hacıqabul Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılan şəraitlə tanış olub.

İştirakçılara məlumat verilib ki, Hacıqabul Sənaye Məhəlləsində dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastruktur yaradılıb. 20 hektar ərazidə yaradılmış Sənaye Məhəlləsi 10 min kvadratmetr olan 4 istehsal təyinatlı binadan, 937 kvadratmetrlik inzibati və texniki binalardan ibarətdir. Hacıqabul Sənaye Məhəlləsinin inzibati binasında toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərəcək müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və Sənaye Məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Sənaye Məhəlləsində sahibkarlara mühasibatlıq, hüquq, bank və sığorta, poçt və internet, logistika, tibbi xidmətlər göstəriləcək. Hacıqabul Sənaye Məhəlləsində ümumi dəyəri 60 milyon manatdan çox olan 7 layihə üzrə maşınqayırma, kompozit materialları, avtomobil, tikinti materiallarının istehsalı üçün avadanlıqlar, gübrə, plastik qablar, tikinti materialları istehsalında istifadə olunan avadanlıqların istehsalı sahələri yaradılıb. Bu layihələr çərçivəsində 900-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və istehsala digər hazırlıq işləri aparılır.

Sonra Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan və Rusiya nümayəndə heyətlərinin görüşü keçirilib.

İqtisadiyyat naziri Ş.Mustafayev Azərbaycan və Rusiyanın siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, əlaqələrin genişlənməsinin iki ölkə prezidentlərinin siyasi iradəsinin göstəricisi olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, təkcə ötən il Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasına 3 dəfə səfər edib, Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə rəsmi səfəri çərçivəsində isə Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib, iqtisadiyyatın bir sıra sahələrində birgə əməkdaşlığa dair dəyirmi masalar təşkil olunub.

Qeyd edilib ki, Azərbaycan-Rusiya əlaqələrinin əsas istiqamətlərindən biri də iqtisadi-ticarət və qarşılıqlı investisiya qoyuluşlarıdır. Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiya isə Azərbaycana 4,2 milyard dollardan artıq sərmayə yatırıb. “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə Avtomobil Zavodunun Rusiyanın “Kamaz” və “Ural” zavodları ilə əməkdaşlığı və sair qarşılıqlı investisiya qoyuluşu sahəsində önəmli layihələrdir.

Bildirilib ki, Azərbaycanın sənaye, tikinti, ticarət, xidmət, bank və sığorta, rabitə, nəqliyyat, kənd təsərrüfatı sahələrində 700-dən çox Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Rusiya şirkətləri bir sıra layihələrdə podratçı qismində də iştirak edir.

Nəqliyyat-tranzit yükdaşımaları sahəsində ikitərəfli əməkdaşlığın uğurlu istiqamətlərindən olduğunu vurğulayan Ş.Mustafayev mühüm layihələrdən olan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini diqqətə çatdırıb. Nazir, Rusiya ilə birgə həyata keçirilən Samur çayı üzərindən körpünün tikintisinin iqtisadi-ticarət, nəqliyyat-tranzit əməkdaşlığının inkişafına önəmli töhfə verəcəyini qeyd edib.

Rusiyanın iqtisadi inkişaf naziri M.Oreşkin dost və qonşu ölkələr olan Rusiya və Azərbaycanın dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən intensiv görüşlərinin və imzalanan sənədlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına böyük stimul verdiyini vurğulayıb. Nazir iqtisadi sahədə əlaqələrin inkişafı üçün böyük potensialı qeyd edərək bu gün təməli qoyulan “QAZ” avtomobilləri istehsalı zavodunun uğurlu layihə olacağını diqqətə çatdırıb.

İqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşən rusiyalı nazir Hacıqabul Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılan əlverişli imkanlardan məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycan və Rusiyanın iqtisadi-ticarət, nəqliyyat-tranzit, sənaye, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığının inkişafı məsələləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.