REGİONLAR
Hacıqabul bağlarından 7 min tondan çox nar yığılıb
Hacıqabul, 28 noyabr, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına xüsusi diqqət yetirilir. Bunun sayəsində də rayonda hər il yeni-yeni bağçılıq təsərrüfatları yaradılır, meyvə istehsalı artır. Təsərrüfatın bu sahəsi ilə məşğul olan fermerlər hər il meyvə bağlarından 100 tonlarla məhsul istehsal edərək bazarlara çıxarır və emal müəssisələrinə göndərirlər.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1559.3 hektar meyvə bağı vardır. Cari təsərrüfat ilinin ötən ayları ərzində bu bağlardan 11 min 881.9 ton meyvə tədarük olunub. Bağbanlar ən yüksək nəticəni nar bağlarından əldə ediblər. Onlar becərdikləri 1138 hektar nar sahəsindən bu günə kimi 7 min 479.3 ton məhsul yığıblar. Hər hektarın məhsuldarlığı 65.7 sentnerə çatır. Məhsul istehsalçılarının dediyinə görə, hələ nar sahəsində məhsul çoxdur. Mütəxəssislərin hesablamalarına görə bundan sonra nar bağlarından daha 5 tondan çox məhsul yığmaq mümkün olacaq. Yığılan narın 1/3 hissəsi rayonun Udulu kəndində fəaliyyət göstərən fermerlər tərəfindən tədarük olunub.