CƏMİYYƏT
Hacıqabul və Salyanda karantin qaydalarının pozulduğu toy məclisləri aşkar edilib
Hacıqabul, 25 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Pirsaat ərazisində yerləşən "Baxçalı" şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, adı çəkilən şadlıq sarayının icarədarı İ.Huseynov təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək, məclisdə 120 nəfər qonağın iştirak etməsini təşkil edib.
Yol verilən qayda pozuntusu ilə bağlı obyektlərin icarədarları 4000 manat məbləğində cərimə olunub.
Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Padar qəsəbəsində, Kolanı və Talış kəndlərində yerləşən dörd fərdi yaşayış evinin həyətində keçirilən toy məclislərində də pandemiya qaydalarının pozulduğu və müəyyən edilmiş saydan artıq qonaqların iştirak etdiyi müəyyən edilib.
Həmin toy məclislərinin sahibləri ilə izahedici söhbətlər aparılıb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.
Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlər nəticəsində rayonun Kürsəngi kənd sakini Mehman Bəkirovun fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq 85 nəfərin iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.
Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.