REGİONLAR
Hacıqabulda 2 min tondan çox meyvə tədarük olunub
Hacıqabul, 26 sentyabr, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar ötən il rayonda mövcud olan 1444 hektar meyvə bağından 6 min 596 ton meyvə tədarük ediblər. Bağbanlar cari ildə də bağlardan bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstəriblər. Bunun nəticəsində də bağlarda meyvə bol olub.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, indiyədək bağlardan 2 min 187,8 ton meyvə yığılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 ton çoxdur. Tədarük olunan meyvənin 252 tonunu alma, 189,5 tonunu armud, 49,8 tonunu albalı, 151 tonunu gavalı, 181,2 tonunu alça, 252 tonunu isə digər meyvələr təşkil edib.
Hazırda bağbanlar rayonda mövcud olan 897 hektar nar bağında yetişmiş məhsulun yığımı ilə məşğuldurlar və qısa müddətdə 25 tondan çox nar tədarük olunub. Yığılan məhsulun yarıdan çoxu rayonun Udulu və Meyniman kəndlərindəki nar bağlarından toplanılıb.