REGİONLAR
Hacıqabulda 9 min hektardan çox sahədə payızlıq taxıl səpini aparılıb
Hacıqabul, 23 noyabr, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda təsərrüfatın digər sahələri ilə yanaşı taxılçılığın inkişafına da xüsusi diqqət yetirib. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtgü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiyaların verilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə marağını daha da artırıb. Bunun nəticəsində də rayonda taxıl istehsalı ilbəil artır, məhsuldarlıq yüksəlir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, növbəti təsərrüfat ilində taxılçılıq sahəsində yüksək məhsuldarlığa nail olmaq üçün rayonda səpin kampaniyasına ciddi hazırlıq işləri görülüb. Bu məqsədlə 28 min hektar sahədə keyfiyyətli şum aparılıb, fermerlər yüksək reproduksiyalı məhsuldar toxum sortları ilə təmin edilib. Səpin kampaniyasının optimal müddətdə başa çatdırılması üçün lazım olan müxtəlif maşın-mexanizm, səpin aqreqatları sahibkarların ixtiyarına verilib. Məhsul istehsalçıları yaradılan şəraitdən bəhrələnərək indiyədək 9 min 141 hektar sahədə səpin aparıblar ki, bunun da 4 min 895 hektarı arpa, 4 min 246 hektarını isə buğda sahələri təşkil edib. İşin yaxşı təşkili nəticəsində əkinçilər hər gün 150-200 hektar sahəyə toxum səpirlər. Taxılçılar, həmçinin 250 hektar sahədə yaşıl yem üçün xəsil əkini də aparıblar.
Qeyd edək ki, bu il Hacıqabulda 28 min hektar sahədə payızlıq taxıl əkini aparılması planlaşdırılıb.