REGİONLAR
Hacıqabulda Bədən Tərbiyəsi və İdman Günü idmançılarla birgə qeyd olunub










Hacıqabul, 5 mart, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabulda Bədən Tərbiyəsi və İdman Gününə həsr edilən tədbir keçirilib. Toplantıda rayon rəsmiləri, idman müəllimləri və müxtəlif idman növünü təmsiledən gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Natiqlər çıxışlarında idmanın həyatımızdakı rolundan, sağlam olmağın sirlərindən söhbət açıblar. Eyni zamanda idman sahəsində ölkəmizi təmsil edən gənclərə uğurlar arzulanıb. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunmasının təsadüf olmadığı vurğulanıb. Diqqətə çatdırılıb ki, 1995-ci il martın 5-də Ümummilli Lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, hər il bu gün Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Azərbaycanın idmanın inkişafının ildən-ilə daha geniş vüsət aldığı və dünyada güclü idman ölkəsi kimi tanındığı söylənilib.
Tədbirin sonunda qalib gənclər diplom, medal və hədiyyələrlə təltif ediliblər. Sonra idmançı gənclər rayon rəsmilərinə, öz sahələrində göstəriş və fəndlər nümayiş etdiriblər.