REGİONLAR
Hacıqabulda Ulu Öndərin xatirəsinə həsr edilən müsabiqələrin qalibləri mükafatlandırılıb
Hacıqabul, 7 may, Aydın Yavərzadə, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Hacıqabul rayonunda silsilə tədbirlər keçirilir. Tədbirlər Planına uyğun olaraq YAP Hacıqabul rayon təşkilatı, Hacıqabul rayon Gənclər və İdman İdarəsi, rayon Təhsil Şöbəsi, Hacıqabul rayon Heydər Əliyev Mərkəzi və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Böyük şəxsiyyət” adlı şeir müsabiqəsi, “Böyük Azərbaycanlı” təqdimat müsabiqəsi və rayon gəncləri arasında voleybol üzrə şəhər birinciliyi keçirilib və qaliblərlə görüş təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov çıxış edərək ulu öndər Heydər Əliyevin doğma vətənimiz, Azərbaycan üçün gördüyü böyük işlərdən, xalqımızın rifahı naminə yorulmaz fəaliyyətindən və zəngin siyasi irsindən danışıb. Bildirib ki, Ümummilli Lider Azərbaycan dövləti və xalqının gələcəyi üçün hər zaman gecə-gündüz demədən çalışıb, müstəqil dövlətimizi yox olmaq bəlasından qurtararaq, işıqlı və parlaq gələcəyə inamlı addımlarla irəliləməsinin təməlini qoyub.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyəti barədə ətraflı çıxış edən Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri Elnur Əmiraslanov bildirib ki, həyatını ölkəmizin və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyimizin ideoloji-siyasi əsaslarını yaratdı, Azərbaycanı əsl müstəqilliyə qovuşduraraq yaddaşlarda əbədiyaşarlıq qazandı.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə, müasir dövrün tələbləri, yeni siyasi meyarlara cavab verəcək şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müstəsna əhəmiyyətli işlər görülüb, köklü islahatlar həyata keçirilib, bütün sahələrdə uğurlar əldə olunub. Ulu öndər Heydər Əliyevin siyasi irsi və bu irsi uğurla davam etdirən Prezident İlham Əliyevin dərin zəkası, zəngin biliyi, mükəmməl rəhbərliyi, qətiyyəti və yorulmaz fəaliyyəti sayəsində iqtisadiyyatımız daha da güclənib, ölkəmiz hərtərəfli inkişaf edib. Bütün bunlar, eləcə də hakimiyyətlə xalq arasında olan sıx bağlılıq nəticəsində 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazandıq. Nəticədə 30 ilə yaxın müddətdə düşmən tapdağında olan dədə-baba torpaqlarımız işğaldan azad edildi.
Tədbir zamanı ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən müsabiqə və yarışlarda 1, 2 və 3-cü yeri tutan qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.