REGİONLAR
Hacıqabulda bu günə kimi 2 tonadək barama istehsal olunub
Hacıqabul, 18 iyun, Mahir Babayev, AZƏRTAC
Üçüncü ildir ki, Hacıqabulda ipəkqurdu bəslənilməsinə başlanılıb. Ölkədə bu sahənin inkişafına yenidən önəm verilməsi hacıqabullu kümçülər tərəfindən də razılıqla qarşılanıb. Hazırda onlarla rayon sakini təsərrüfatın bu gəlirli sahəsinə göstərilən dövlət dəstəyindən yararlanmaq üçün adiyyəti qurumlarla müqavilələr bağlayaraq barama istehsalı ilə məşğul olmağa başlayıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən il rayonda 33 kümçü ipəkqurdu bəsləyib və 1 ton 820 kiloqram məhsul istehsal olunub. Bu il isə 59 ailəyə 120 qutu ipəkqurdu toxumu paylanılıb. Kümçülərin bu sahədə təcrübəsinin az olmasına baxmayaraq, mütəxəssislərin məsləhətlərinə düzgün əməl olunması nəticəsində yaxşı nəticə əldə olunub.
Artıq bir neçə gündür ki, rayonda barama tədarükünə başlanılıb. Bu günə kimi tədarük məntəqələrinə 1 ton 915 kiloqram barama təhvil verilib. Rayonun Abdullabad, Qarasu, Nəvahi və Meyniman kəndlərinin kümçülərinin istehsal etdikləri məhsul yüksək keyfiyyətlə qəbul olunur.
Kümçü Şamo Həsənov ikinci ildir ki, ipəkqurdu toxumu götürərək bəsləyir. O, sovet dönəmində də baramaçılıqla məşğul olub və xeyrini görüb. “Rayonda barama istehsalına yenidən başlanması mənim də ürəyincə olub. Bu məqsədlə həyətyanı sahəmdə 3 min tut tingi əkib və yeni bir kümxana tikdirmişəm. Bu il 8 qutu ipəkqurdu toxumu götürüb bəsləmişəm. Bu günə kimi 135 kiloqram barama tədarük etmişəm. Hələ kümxanada toplanmamış məhsulum çoxdur. Hesablamam görə, bundan sonra daha 110-120 kiloqramadək baramam olacaq”, – deyə o bildirib.
Qeyd edək ki, bu il Hacıqabulda 4 ton 800 kiloqram barama istehsalı nəzərdə tutulub.