REGİONLAR
Hacıqabulda bu günə kimi 4 ton barama istehsal edilib
Hacıqabul, 2 iyul, Mahir Babayev, AZƏRTAC
Dördüncü ildir ki, Hacıqabulda ipəkqurdu bəslənilməsinə başlanılıb. Ölkədə bu sahənin inkişafına yenidən önəm verilməsi hacıqabullu kümçülər tərəfindən də razılıqla qarşılandı. İndi onlarla rayon sakini təsərrüfatın bu gəlirli sahəsinə göstərilən dövlət dəstəyindən yararlanmaq üçün aidiyyəti qurumlarla müqavilələr bağlayaraq barama istehsalı ilə məşğul olmağa başlayıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il rayonda 59 kümçü ipəkqurdu bəsləyib və 2 ton 912 kiloqram məhsul istehsal olunub. Bu il isə 67 ailəyə ipəkqurdu toxumu paylanılıb. Kümçülərin bu sahədə təcrübəsinin az olmasına baxmayaraq mütəxəssislərin məsləhətlərinə düzgün əməl olunması nəticəsində yaxşı nəticə əldə olunub. Artıq bir neçə gündür ki, rayonda barama tədarükünə başlanılıb. Bu günə kimi tədarük məntəqəsinə 4 ton barama təhvil verilib. Rayonun Abdullabad və Meyniman kəndlərinin kümçülərinin istehsal etdikləri məhsul yüksək keyfiyyətlə qəbul olunur.
Ələtli kənd sakini, kümçü Anar Ağamalıyev bir neçə ildir ki, ipəkqurdu toxumu götürüb bəsləyir.
“Rayonda barama istehsalına yenidən başlanması mənim də ürəyimcə olub. Bu il 2 qutu ipəkqurdu toxumu götürüb bəsləmişəm. Bu günə kimi 123 kiloqram barama tədarük etmişəm. 40-45 gün ərzində istehsal etdiyim məhsuldan 1100 manatdan çox gəlir əldə edəcəyəm”, – deyə kümçü bildirib.