REGİONLAR
Hacıqabulda cari ilin birinci rübündə süni mayalanma yolu ilə 546 baş buzov alınıb
Hacıqabul, 25 iyul, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, mal-qara və qoyun-keçilərin baş sayını artırmaq məqsədilə mühüm layihələr həyata keçirilir ki, bu da öz növbəsində heyvandarlıq məhsulları istehsalının artmasına güclü təkan verir.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən ətlik və südlük istiqamətli düyələr gətirilərək artırılır, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda 5 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrin mütəxəssislər tərəfindən mayalanma aparılan 1347 baş inək və düyədən cari ilin altı ayı ərzində 770 baş cins tərkibi buzov alınıb. Bu da hər 100 inəyə 59 baş buzov düşür. Süni mayalama yolu ilə alınan buzovlara görə maldarlara 77 min manat subsidiya ödənilib.
Rayonun Qarasu kəndində fəaliyyət göstərən fermer Qabil Əliyevin dediyinə görə, süni mayalanma yolu ilə alınan buzovlar rayonun iqlim şəraitinə tez uyğunlaşır və bu yolla alınan heyvanların həm diri çəkisi, həm də südü yerli inəklərinkindən 3-4 dəfə çox olur.