CƏMİYYƏT
Hacıqabulda dini maarifləndirmə işinin təşkili məsələlərindən danışılıb
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Hacıqabul Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Hacıqabulda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, müəllimlərin, gənclərin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan seminar-treninqdə çıxış edən rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elvin Şıxəliyev dini radikalizmin istənilən istiqamətinin və formasının cəmiyyət üçün təhlükə olduğunu vurğulayıb. E.Şıxəliyev dini ekstremizmlə mübarizənin hər bir vətəndaşın borcu olduğunu qeyd edib. Natiq milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi, nümunəvi Azərbaycan gəncinin əsas xüsusiyyətləri barədə də danışıb.
Sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov bildirib ki, Şərq ilə Qərbin qovuşuğunda yerləşən və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri olan Azərbaycan hər zaman öz milli-mənəvi, dini dəyərlərinə hörmətlə yanaşılan ölkə kimi tanınmaqdadır. Dövlətin dinə və dindarlara qayğısından da danışan Gündüz İsmayılov deyib ki, dövlət vəsaiti hesabına onlarla məscid inşa edilib və ya əsaslı təmir olunub, ölkəmizdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı ayrılıb.
Sədr müavini dini radikalizm və onun doğurduğu fəsadlardan da bəhs edib. O, dini kimliyimizin milli kimliyimizə qarşı qoyulması, dindar kontingent daxilində dünyəviliyin, tolerantlığın, ənənəvi İslamın zəiflədilməsi, eləcə də dinin siyasiləşdirilməsi kimi hallara rast gəlindiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, məkrli qruplar tərəfindən cəmiyyətdə dini qütbləşmənin və sosial təbəqələşmənin yaradılmasına müəyyən cəhdlər olunur. O, eyni zamanda, dini zəmində qadın hüquqlarının məhdudlaşdırılması, xurafat meyillərinin gücləndirilməsindən də bəhs edib.
Rayon Təhsil Şöbəsinin müdiri Şükür Məmmədov paytaxtda və bölgələrdə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini yüksək qiymətləndirib.
Sonda iştirakçıların sualları cavablandırılıb.