REGİONLAR
Hacıqabulda ət istehsalı artır
Hacıqabul, 23 may, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda heyvandarlıq məhsulları istehsalı ilbəil artır. Rayonda əsas təsərrüfat sahəsi olan heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir, hərtərəfli qayğı göstərilir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və baş sayının artırılması üçün müxtəlif tədbirlər həyata keçirilir, yeni-yeni heyvandarlıq təsərrüfatları, quşçuluq kompleksləri və süni mayalanma məntəqələri yaradılır. Görülən işlər nəticəsində rayonda mal-qaranın baş sayı, ət və süd istehsalı artır.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hazırda heyvandarlıq təsərrüfatlarında 35 min 113 baş iribuynuzlu mal-qara, 130 min 11 baş qoyun-keçi bəslənilir. Naxırlarda ana inək və camışların sayı 15 min 311 başa çatıb. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması və cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər ət və süd istehsalının da artmasına güclü təsir göstərib.
Cari ilin dörd ayı ərzində rayonda 3 min 839 ton ət (diri çəkidə), 6468 ton süd, 26 ton yun istehsal olunub ki, bu da 2019-cu ilin eyni dövründəki göstərici ilə müqayisədə ətdən 724 ton, yundan isə 3 ton çoxdur.