CƏMİYYƏT


Hacıqabulda evə basqın edən şəxslər tutulub VİDEO

Bakı, 24 oktyabr, AZƏRTAC

Bir neçə gün əvvəl Hacıqabul rayonunda evlərdən birinə quldurluq niyyəti ilə basqın edən şəxslərin müəyyənləşdirilərək saxlanılması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari il oktyabrın 19-da Hacıqabul Rayon Polis Şöbəsinə (RPŞ) rayon sakini Qızqayıt Vəliyeva və ailə üzvlərinin yaşadığı mənzilə iki nəfər maskalı şəxsin bıçaqla hücum edərək quldurluq cinayəti törətməsi barədə məlumat daxil olub.

Hacıqabul RPŞ əməkdaşları tərəfindən “isti izlər”lə və peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində həmin cinayətin rayon sakinləri Yusif Abasov və Şamxal Şirinov tərəfindən törədildiyi müəyyənləşib. Həmin şəxslər saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Araşdırma zamanı evə basqın etməyi zərərçəkənlərin qonşuluğunda yaşayan Y.Abasovun təklif etdiyi məlum olub. Hadisə zamanı ev sahibinin azyaşlı nəvəsi onun üzündə olan maskanı çıxarıb. Bu səbəbdən Y.Abasov tanınacağından qorxaraq Ş.Şirinovla birgə evdən qaçaraq hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları quldurluqda şübhəli bilinən həmin şəxslərin başqa cinayətlərdə iştiraklarını da istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Hacıqabul RPŞ-yə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.