REGİONLAR
Hacıqabulda ötən il istixanalardan 2 min 761 ton tərəvəz yığılıb
Hacıqabul, 29 yanvar, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda istixana kompleksinin şəbəkəsi ilbəil genişləndirilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda ayrı-ayrı yaşayış məntəqələrində 28 hektar ərazidə 6 istixanada tərəvəz (pomidor-xiyar) yetişdirilir. Ötən il bu istixanalardan 2 min 761.1 ton tərəvəz yığılaraq daxili bazarlara göndərilib. Tədarük olunan məhsulun 2min 698.6 tonunu pomidor, 62.5 tonunu isə xiyar təşkil edib. Məhsul istehsalçıları bu sahədən yaxşı mənfəət götürdükləri üçün onun şəbəkəsinin genişləndirilməsinə də xüsusi diqqət yetirirlər. Ötən il Meyniman və Qubalı Baloğlan kəndlərində bir neçə istixananın tikintisinə başlanılıb. Atbulaq kəndində isə “Hajigabul Greenhouse” MMC tərəfindən 17 hektar ərazinin 10 hektarında İspaniya texnologiyası əsasında yeni istixana tikilib istifadəyə verilib. İstixananın məhsul istehsal gücü 1 hektara 250-300 tondur. Burada 100 nəfər daimi işlə təmin olunub.