CƏMİYYƏT
Hacıqabulda polis əməkdaşları 20 ailəyə ərzaq məhsullarından ibarət sovqatlar verib
Bakı, 9 aprel, AZƏRTAC
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus epidemiyasının təsir dairəsinin genişlənməsinin qarşısının alınması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, elan olunmuş karantin rejimi dövründə yaşı 65-dən yuxarı olan və tənha yaşayan yaşlı sakinlərin evdən çölə çıxmalarının minimuma endirilməsi üçün və eləcə də maddi imkanı zəif olan vətəndaşlara mütəmadi olaraq yardımlar edilir. Rayon ərazisində yaşayan 20 belə ailəyə polis əməkdaşlarının təşəbbüsü ilə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar verilib. Həmçinin Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə zəng edərək evdən çölə çıxa bilmədiyini deyən 80 yaşlı sakinə də yardım edilib, ona evdən çıxmamağın öz sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi və karantin rejimi bitənədək polis əməkdaşları ilə daim əlaqə saxlamaq tövsiyə edilib. Eləcə də hər bir sakinlə maarifləndirici mövzuda söhbətlər aparılıb, koronavirus pandemiyasının səbəb ola biləcəyi bütün mənfi hallar barədə geniş məlumat verilib. Virusun tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət edilməsinin önəmli olduğu vurğulanıb.