REGİONLAR
Hacıqabulda qanvermə aksiyası keçirilib
Hacıqabul, 25 avqust, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədi ilə növbəti qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyi B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankı işçilərinin təşəbbüsü ilə keçirilən bir günlük aksiyada rayonun icra strukturlarının nümayəndələri, tibb işçiləri, şəhər sakinləri və gənclər fəallıq nümayiş etdiriblər.
Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları rayon mərkəzi xəstəxanasının tibb personalı ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürüblər. Gün ərzində davam edən humanitar aksiya çərçivəsində 120 donordan qan götürülüb. Tədarük olunan qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.