REGİONLAR
Hacıqabulda sel sularının dağıtdığı yardımçı körpü gün ərzində bərpa olunacaq VİDEO
Hacıqabul, 11 may, A.Yavərzadə, AZƏRTAC
İntensiv yağan yağışlar Pirsaat çayında daşqına səbəb olub. Çay Hacıqabul rayonunun Udulu qəsəbəsindən keçən hissəsində məcrasından çıxdığı üçün yardımçı yol keçidini yuyaraq dağıdıb. Nəticədə qəsəbədə yerləşən 7 kəndin bir-biri ilə əlaqəsi kəsilib.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Agentlik tərəfindən yol infrastrukturunun yenidən qurulması, çay üzərindən körpülərin inşası və digər işlər çərçivəsində 39 kilometr uzunluğu olan Muğan-Paşalı-Şorbaçı-Udulu-Tağılı-Qubalı avtomobil yolunun yenidən qurulması işləri həyata keçirilir. Bu yenidənqurma işləri çərçivəsində Udulu kəndi ərazisində Pirsaat çayı üzərində yerləşən, artıq istismar müddətini başa vuran mövcud metal körpünün əvəzinə yeni dəmir-beton körpünün inşası işləri aparılır. Bu işlərin aparıldığı müddətdə gediş-gəliş üçün əlavə borular üzərində yol-keçid inşa edilir. İntensiv yağan yağışlar nəticəsində Pirsaat çayında sel suları yaranıb. Həmin keçidin bir hissəsini səhər sel suları uçurmuşdu. Müvəqqəti olaraq ərazidə bərpa işləri həyata keçirildi və hərəkət bərpa olundu. Yenidən sel suları gələrək ərazidə problemə səbəb oldu. Gün ərzində yaranmış problemlər həll olunacaq və hərəkət bərpa ediləcək.
Qeyd edək ki, ərazidə intensiv yağışlar davam edir. Bu da problemin aradan qaldırılmasında əlavə çətinliklər yaradır.