REGİONLAR
Hacıqabulda tərəvəz sahələrindən iki min tondan çox badımcan yığılıb
Hacıqabul, 27 noyabr, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda tərəvəz yığımı davam edir. Məhsul istehsalçıları becərdikləri sahələrdən indiyədək 7 min 532 ton tərəvəz tədarük ediblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 95.7 ton çoxdur.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ilin yazında hacıqabullu əkinçilər 518.3 hektar sahədə tərəvəz əkiblər. Xeyli vaxtdır ki, əkinçilər becərdikləri sahələrin məhsulunu toplayırlar. Fermerlər bu günədək əkin sahələrindən 7 min 532.4 ton məhsul yığıblar. Hər hektarın məhsuldarlığı 145 sentnerə çatır. Tədarük olunan tərəvəzin 543 tonunu xiyar, 2 min 515.5 tonunu pomidor, 2 min 748 tonunu badımcan, 369.7 tonunu bibər, 31 tonunu kələm, 97 tonunu soğan, 48 tonunu sarımsaq, 16 tonunu isə sair tərəvəz təşkil edib.
Rayonda tərəvəz yığımı ilin sonunadək davam edəcək.