REGİONLAR


Hacıqabulda torpaq məcralı kanalların beton üzlüyə alınması suvarmaya müsbət təsir göstərib VİDEO

Hacıqabul, 1 may, Aydın Yavərzadə, AZƏRTAC

Hacıqabulda suvarma işlərində su itkisinin qarşısının alınması məqsədilə beton kanallar çəkilir. Ötən il beton üzlüyə alınan Qobu-1 kanalının qalan 1.5 km hissəsində də işlərin aparılması nəzərdə tutulur. Bununla da daha 350 hektara yaxın sahədə suvarma işləri yaxşılaşa bilər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Hacıqabul Suvarma Sistemləri İdarəsi tərəfindən əkin sahələrinin suvarılması üçün cari və əsaslı təmir işləri davam etdirilir. İdarənin baş mühəndisi Elşən Aydınov bildirib ki, əsas məqsəd torpaq məcralı kanalların beton üzlüyə alınması və nov kanalların çəkilməsidir. Artıq rayon üzrə xidmət göstərilən kanalların 133.6 km beton üzlüklü, 24.4 km isə nov, 12.3 km isə qapalı şəbəkə təşkil edir. Təkcə ötən il Qobu-1 kanalında 2.3 km hissənin beton üzlüyə alınması 200 hektardan çox sahədə su itkisinin qarşısını alıb. Cari ildə isə həmin kanalın ardı olaraq 1.5 km uzunluğunda torpaq kanalın beton örtüklə əsaslı təmir olunması nəzərdə tutulur. Ümumilikdə rayon üzrə 24 min hektar əkin sahəsi mövcuddur ki, bunun da 19 min 675 hektarında əkin aparılıb. Həmin sahələrə ümumi uzunluğu 584.1 km olan kanallarla xidmət göstərilir. Su mənbəyi əsasən Kür çayıdır. Kanallara suyun ötürülməsi üçün 10 ədəd nasos stansiyada 29 aqreqat fəaliyyət göstərir. Nasos stansiyalardan 6 ədədi üzən, 2 ədədi isə stasionardır. Bundan başqa, mənbəyi Pirsaat su anbarı və Yuxarı Şirvan kanalı olan 28.2 uzunluğunda Hacıqabul magistral su kanalı vasitəsilə sahələrə su ötürülür.

Beton üzlüyə alınaraq istifadəyə verilən Qobu-1 kanalı təkcə Ələtli kəndində xeyli sahədə suvarma işlərini asanlaşdırıb. Təsərrüfat sahibləri Əlişah Novruzov söyləyib ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il iki dəfə artıq suvarma işləri görüb. Səbəb isə kanalın beton olmasıdır. Əvvəlki illərdə torpaq məcra axan suyun itkisinə səbəb olurdu növbəlilik olsa belə, sahələrə suyun çatmasında çətinlik yaranırdı. Eyni zamanda, kanalın torpaq hissəsindən süzülən sular əkin sahələrində şoranlaşma yaradırdı. Lakin kanalın beton üzlüyə alınması həmin problemləri aradan qaldırıb.

Fermer Akif Mahmudovda ərazidə çəkilən beton kanalın yüksək məhsul əldə etməyə imkan verəcəyini söyləyib: “Ötən il taxıl sahəsindən 20-25 sentner məhsul yığılmışdısa, bu il suvarma vaxtında aparıldığı üçün hər hektardan 30 sentnerdən çox məhsul götürmək mümkün olacaq”.

İdarədən verilən məlumata görə, əkin sahələrinə xidmət üçün idarə tərəfindən ümumilikdə 750 ədəd hidrotexniki qurğu fəaliyyət göstərir. Suvarma işlərinin yaxşılaşdırılması üçün son dövrlərdə 40 ədəd qurğuda cari və ya əsaslı təmir işləri görülüb. Həmçinin 75 km torpaq məcralı kanalda lildən təmizləmə işləri görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.