ELM VƏ TƏHSİL
Haddersfild Universitetinin professoru Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda məruzə ilə çıxış edib
Bakı, 20 noyabr, AZƏRTAC
AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Böyük Britaniyanın Haddersfild Universitetinin materialların tədqiqi laboratoriyasının müdiri, professor Vladimir Vişnyakovun iştirakı ilə elmi seminar keçirilib. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev Haddersfild Universiteti haqqında məlumat verib. Bildirilib ki, bu universitetin materialların tədqiqi laboratoriyası Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Neft mənşəli kaustobiolitlərdən alınan nanokarbon materialları əsasında katalizatorların sintezinə və tətbiqinə dair fundamental tədqiqatlar” (İNTERLABCAT) beynəlxalq laboratoriyası ilə birgə elmi tədqiqatlar aparır. Alim bildirib ki, seminarın keçirilməsində əsas məqsəd iki qurum arasında elmi əlaqələri daha da inkişaf etdirməkdir.
Sonra Vladimir Vişnyakovun “Nanoquruluşlu materialların analitik tədqiqatları” mövzusunda məruzəsi dinlənilib. Məruzə dinlənildikdən sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, birgə elmi tədqiqatların davam etdirilməsinin zəruriliyi vurğulanıb.