İQTİSADİYYAT
Hakan İşıq: Əskişəhərin iş adamları azərbaycanlı biznesmenlərlə əməkdaşlıq qurmaq niyyətindədirlər
Bakı, 11 may, Ramiz Quliyev, AZƏRTAC
Əskişəhərin iş adamları azərbaycanlı biznesmenlərlə əməkdaşlıq qurmaq niyyətindədirlər.
AZƏRTAC xəbər verir ki, bunu Əskişəhər Ticarət Palatasının üzvü Hakan İşıq mayın 11-də Bakıda qurumun təşkilatçılığı və bir sıra türk şirkətlərinin iştirakı ilə “İnşaat və Tərtibat” sahəsinə həsr olunan tədbirdə deyib.
Tədbirdə Əskişəhərin mədəniyyət və sənayesi ilə bağlı videoçarx nümayiş etdirilib.
Əskişəhər Ticarət Palatasının üzvü H.İşıq bildirib ki, 1893-cü ildə yaradılan ticarət palatasının 16 min üzvü var və dünyanın 22 ölkəsi ilə ticarət əlaqələrinə malikdir. Palata Azərbaycanda da sözügedən əlaqələrin yaradılmasında maraqlıdır.
H.İşıq qeyd edib ki, bu məqsədlə əsasən qapı-pəncərə, xalçaçılıq, mebel istehsalı və satışı ilə məşğul olan iş adamlarından ibarət nümayəndə heyəti ilə Bakıya gələrək, bu sahədə azərbaycanlı biznesmenlərlə qarşılıqlı əməkdaşlıq qurmaq niyyətindədirlər. Onun sözlərinə görə, Əskişəhərin mebel sənayesində çalışan tanınmış iş adamları Bakı əhalisinə daha fərqli və keyfiyyətli məhsullar təqdim edəcəklər. Həmçinin diqqətə çatdırılıb ki, mebellərin satışı və istehsalı nəinki paytaxtda, eləcə də, Azərbaycanın digər regionlarında da həyata keçirilməsi planlaşdırılır.
Şirkət təmsilçiləri istehsal etdikləri məhsullar barədə məlumat verib, jurnalistlərin sualları cavablandırılıb.