İDMAN


Hakim: Onlayn şahmat yarışlarında uşaqlar arasında çiterlik halları geniş yayılıb

Bakı, 11 may, Leyla Qurbanova, AZƏRTAC

Artıq bir ildən çoxdur ki, pandemiyanı nəzərə alıb onlayn şahmat turnirləri təşkil edirik. Azərbaycanda uşaqlar arasında belə turnirlər mütəmadi olaraq keçirilir. Onlayn yarışlar şahmatçıların öz potensiallarını artırmaq, bilik və bacarıqlarını təkmilləşdirmək, yarış təcrübələrini zənginləşdirmək məqsədilə təşkil edilir. Əsasən, uşaqlar arasında təşkil etdiyimiz yarışlarda, təəssüf ki, çiterlik hallarına tez-tez rast gəlirik. Çiterliklə mübarizədə geniş imkanların mövcud olmaması işimizi çətinləşdirir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “İdeya” şahmat klubunun direktoru, 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman-Şahmat Məktəbinin məşqçi müəllimi, 1-ci dərəcəli hakim Fidan Talıbova bildirib.

O, qeyd edib ki, dünyada hətta titullu şahmatçılar arasında baş verən bu cür neqativ hallar bu gün ölkəmizdə daha çox kiçik yaşlı şahmatçılar arasında yayılıb. Bu yarışlarda çiterlik halları nəinki şahmatçıların potensiallarının aşkar edilməsinə mane olur, eyni zamanda, yarışın nüfuzuna xələl gətirir, ədalətsizliyə səbəb olur: “Onlayn yarışlar zamanı çiterlik edənlər – yəni kompüter proqramlarından, yaxud digər vasitələrdən istifadə etməklə yüksək nəticələr göstərənlərin əksəriyyəti uşaqlardır və şübhəsiz, bu tendensiya onların özünə çox böyük ziyan vurur. Bu cür hallar aşkar edildikdə, apellyasiya komitəsi çiterlik edən şahmatçıların nəticələrini ləğv edir. İdman mübarizədir və oyunların qeyri-şəffaf keçirilməsi onun ruhuna ziddir. Çiterliyə hakimlər, müəllimlərlə yanaşı, valideynlər də barışmaz mövqe tutmalıdırlar. Təbii ki, pandemiya dövrü bitdikdən sonra həyat əvvəlki axarına düşəcək və o zaman yarışlar əvvəllər olduğu kimi canlı keçiriləcək. Onlayn yarışlarda çiterliklə yüksək nəticə əldə edənlər bu nailiyyətləri təkrarlaya bilməyəcəklər”.

Fidan Talıbova onu da vurğulayıb ki, əvvəllər çiterlik edənlərin platformaları bloklanırdı. İndi bəziləri artıq bunu peşəkarcasına edib hakimləri aldatmağa müvəffəq olurlar. Belə yarışlar zamanı müəllimlərin, eləcə də valideynlərin uşaqları nəzarətdə saxlaması vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.