İDMAN


Hakim və məşqçilərimiz Beynəlxalq Cüdo Federasiyasının Bakıda keçirilən beynəlxalq seminarında iştirak edirlər

Hakim və məşqçilərimiz Beynəlxalq Cüdo Federasiyasının Bakıda keçirilən beynəlxalq seminarında iştirak edirlər

Bakı, 29 noyabr, AZƏRTAC

Bakıda Beynəlxalq Cüdo Federasiyasının (BCF) hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar keçirilir.

AZƏRTAC xəbər verir ki, noyabrın 30-dək davam edəcək tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimləri, bütün yaş qrupları üzrə yığmaların, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən klub, cəmiyyət və idman təşkilatlarının 150 məşqçisi iştirak edir.

Seminarda cüdonun qaydaları, Olimpiya dövrü üçün tətbiq olunan yeni qaydalar, müxtəlif texnikalar, onların təhlükəsiz tətbiqi və mübahisələrə səbəb olan epizodlar iştirakçılara izah ediləcək. Təlimdə yeni qaydalar və müxtəlif vəziyyətlər əyani formada tatami üzərində də nümayiş olunur.

“Biz artıq yeni Olimpiya dövrünə daxil olmuşuq. Bu dövr həmişəkindən daha qısadır və biz qaydaları düzgün şəkildə tətbiq edərək idmançılara, həmçinin cəmiyyətə maraqlı və ədalətli idman nümayiş etdirmək niyyətindəyik. Həmçinin, cari ilin iyunundan başlayan təsnifat dövründə yeni qaydaların düzgün formada tətbiq olunması vacibdir”, - deyə D.Laskau çıxışında bildirib.

ACF-in baş katibi Rəşad Rəsullunun sözlərinə görə, federasiya rəhbərliyinin ən önəm verdiyi məsələlərdən biri hakimlərin və məşqçilərin peşəkarlıq səviyyələrinin artırılması üçün müxtəlif təhsil layihələrinin həyata keçirilməsidir: “BCF Akademiyası ilə birlikdə başladığımız proqram və BCF-in hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə keçirilən bu seminarda təkcə hakimlərimiz və yığma komandaların məşqçiləri deyil, həm də klubları, o cümlədən regionlarımızı təmsil edən məşqçilərimiz və hakimlərimiz də iştirak edirlər. Seminarın keçirilməsində əsas məqsəd hakimlərin və məşqçilərin peşəkar səviyyəsinin, bilik və bacarıqlarının artırılması və bununla da yeni idmançı nəslinin yetişməsinə dəstək verməkdir. Həmçinin əsas hədəflərimizdən biri “A” və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlərin sayının çoxaldılmasıdır. İnanırıq ki, həyata keçirdiyimiz sistemli və ardıcıl fəaliyyət ölkəmizdə cüdo idman növünün inkişafına ciddi töhfə verəcək”.

Qeyd edək ki, seminar BCF və Azərbaycan Cüdo Federasiyası arasında qurulan sıx və qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.