DÜNYA
Hakimiyyət orqanları Tehranda ikinci partlayış xəbərini təkzib ediblər
Bakı, 7 iyun, AZƏRTAC
İranın hakimiyyət orqanları Tehranda İmam Xomeyni mavzoleyi yaxınlığında daha bir partlayış törədildiyi barədə KİV-də yayılan xəbərləri təkzib ediblər.
AZƏRTAC xəbər verir ki, bir qədər əvvəl IRIB telekanalı mavzoleyin qarşısında ikinci terrorçu-kamikadzenin partlayıcı qurğunu işə saldığı barədə məlumat yaymışdı.
Xatırladaq ki, bu gün səhər saatlarında İran parlamentinə və Xomeyni mavzoleyinə silahlı hücumlar olub. Ölkə mediası ölənlərin və hücum edənlərin sayı barədə müxtəlif məlumatlar verir. Bəzi məlumatlara görə, parlamentə avtomat və tapança ilə silahlanmış 4 nəfər hücum edib. Hadisə nəticəsində 7 nəfər ölüb, həmçinin 4 nəfər girov götürülüb. Digər məlumata əsasən, hücum edənlərdən biri özünü binanın dördüncü mərtəbəsində partladıb.
Hər iki hücumun məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb.