CƏMİYYƏT


Hakimliyə namizədlərlə test imtahanı iyunun 8-də keçiriləcək

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə zəruri tapşırıqlar verilib. Hakimlərin yüksək iş yükünün azaldılması, işlərə daha tez və keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb.

Hakimlərin Seçki Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar hakimliyə namizədlərin seçimi prosesi fasiləsiz aparılmaqla sənədlərin qəbulu davamlı xarakter alıb, 900-dən çox namizədlə müsabiqələr keçirilib. 44 nəfər dövlətimizin başçısının Sərəncamı ilə ötən il müxtəlif hakim vəzifələrinə təyin edilib, hazırda 140 nəfər müsabiqənin müxtəlif, o cümlədən yekun müsahibə mərhələsindədir.

Eyni zamanda 200-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini təqdim ediblər.

Hakimlərin Seçki Komitəsi bildirir ki, həmin namizədlərlə test imtahanı bu il iyunun 8-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28). Növbəti müsabiqə üçün sənədlərin qəbulu isə fasiləsiz davam edir.

Həmçinin namizədlərə xatırladılır ki, test imtahanı DİM tərəfindən qanunvericiliyə uyğun olaraq ödənişli keçirilir.

Namizədlərin rahatlığı üçün imtahana görə ödənişin aparılması və “İmtahana buraxılış vərəqəsi”nin əldə olunması DİM tərəfindən mayın 25-dən etibarən dim.gov.az saytı vasitəsilə həyata keçiriləcək. Müsabiqə ilə bağlı “Yaddaş kitabçası” isə Məhkəmə-Hüquq Şurasının jlc.gov.az saytından əldə edilə bilər.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.