ELM VƏ TƏHSİL
Halal turizmin inkişaf perspektivləri araşdırılıb
Bakı, 25 oktyabr, P.İmanova, AZƏRTAC
Oktyabrın 25-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “İslam Həmrəyliyi İli” çərçivəsində “İslam həmrəyliyi və etiqad turizmi potensialı” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ATMU-nun rektoru İlham Mədətov Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması ilə bağlı müvafiq Sərəncamını xatırladıb, bu sənədin çox böyük ictimai-siyasi, beynəlxalq və ideoloji əhəmiyyəti olduğunu söyləyib. Qeyd edilib ki, “İslam Həmrəyliyi İli” çərçivəsində ölkəmizdə müxtəlif beynəlxalq və yerli tədbirlər keçirilir. Dövlətimiz bir sıra mötəbər tədbirlərə ev sahibliyi edir. Dördüncü İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin İslam dünyasına verdiyi yüksək dəyərin göstəricisidir.
Rektor bildirib ki, konfransın keçirilməsinin məqsədi halal turizmin inkişaf perspektivlərinin elmi əsaslara nəzərən isbatlanmasıdır. Halal turizmin yaradılması ümumi turizm sektorunda səmərəli addım kimi dəyərləndirilir, mövcud xidmət mədəniyyətinin daha da təkmilləşdirilməsi prosesində turizm sənayeçiləri ordusunu işgüzar fəaliyyətə istiqamətləndirir.
Qeyd edilib ki, ölkəmizdə multikultural dəyərləri özündə ehtiva edən halal turizm modelinin yaradılması turizmin inkişafında yeni səhifə açmağa hesablanıb. Son zamanlar müsəlman ölkələrindən Azərbaycana çox sayda turist axınını nəzərə alsaq, beynəlxalq təcrübəyə əsaslanmaqla halal turizm modelinin səmərəli tətbiqində maraqlı olmalıyıq.
Konfransda “Halal turizm və inkişaf perspektivləri”, “Azərbaycanda dini turizm abidələri”, “Azərbaycanda inanc turizminin maarifləndirici ekskursiya istiqamətinin inkişaf perspektivləri” və digər mövzularda məruzələr dinlənilib. Məruzələrdə ölkəmizdə turizm sektorunun və halal turizmin inkişaf perspektivləri, dini turizm abidələri barədə məlumat verilib. Bildirilib ki, son üç ildə Azərbaycanda turizm sektoru sürətlə inkişaf edib. Bu illərdə ölkəmizə gələn turistlərin sayı çoxalıb. Onların arasında İslam dünyasından olan turistlər çoxluq təşkil edir.
Sonra məruzələr ətrafında müzakirələr aparılıb.