REGİONLAR
Haluk Tanrıverdi: İstanbul və “Naxçıvan” universitetləri arasında nümunəvi əməkdaşlıq mövcuddur
Naxçıvan, 24 fevral, AZƏRTAC
Naxçıvan şəhərindəki “Naxçıvan” Universitetində üç aylıq pedaqoji fəaliyyət göstərəcəyəm. Bu, İstanbul Universiteti ilə “Naxçıvan” Universiteti arasında mövcud olan nümunəvi əməkdaşlığın, dostluğun nəticəsidir.
Bu fikirləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində İstanbul Universitetinin professoru Haluk Tanrıverdi deyib.
Naxçıvana üçüncü dəfə gəldiyini qeyd edən professor bildirib ki, 2018-ci ilin iyun ayında Naxçıvan şəhərində keçirilən III Beynəlxalq Gənclik Araşdırmaları Konqresinə də qatılıb. O deyib: “Daha əvvəl həmkarlarımla Naxçıvana könüllü gəldik, burada müəyyən sahələr üzrə elmi araşdırmalar apardıq. Gördüyümüz işlər nəticəsində Naxçıvanın turizm potensialı, mədəni mirası, təhlükəsizliyi, naxçıvanlı gənclərin turizmə yanaşma tərzləri və digər sahələr üzrə 11 elmi məqalə çap etdirdik. Apardığımız tədqiqat işlərindən gəldiyim nəticə budur ki, Naxçıvan özündə türk mədəniyyətini yaşadan, qədim tarixə, zəngin milli irsə malik bir diyardır. Bu yurdun maraqlı coğrafi ərazidə yerləşməsi cəlbediciliyinin əsas göstəricisidir”.
Haluk Tanrıverdi vurğulayıb ki, Naxçıvanda zəngin flora və fauna ehtiyatlarının, əlverişli hava şəraitinin mövcudluğu burada yay, qış, eləcə də ekoloji və kənd turizm növlərinin inkişafına geniş imkanlar açır. Türk-İslam memarlıq abidələrini özündə yaşadan muxtar respublikanın hər bir bölgəsinin özünəməxsus tarixi, milli-mənəvi dəyərləri, adət-ənənələri, eləcə də məişət mədəniyyəti nümunələri sayılan hamamları, çeşmələri, bulaqları, məscidləri mövcuddur. Eyni zamanda şəhər turizminin inkişafına xidmət edən teatrlar, kitabxanalar, istirahət məkanları da var.
“Müasir dünyada gedən proseslər sağlamlıq turizminin də inkişafını şərtləndirir. Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxanası və digər təbii səhiyyə ocaqlarının fəaliyyət göstərməsi bu sahədə də turist cəlbinə imkan yaradır”, - deyən İstanbul Universitetinin professoru Haluk Tanrıverdi bildirib ki, müasir dövrün insanları sakit, rahat, əmin-amanlıq olan yerlərə səyahət etmək, orada yaşamaq istəyirlər. Məhz bu baxımdan da Naxçıvan olduqca cəlbedicidir. Bu baxımdan muxtar respublika hər bir turistin görmək istədiyi özəlliyə malikdir.