ELM VƏ TƏHSİL


“Hamı üçün İKT” layihəsi çərçivəsində keçirilən təlimlər yekunlaşıb

Bakı, 13 fevral, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılan “Hamı üçün İKT” sosial layihəsi çərçivəsində ofis proqramlarından peşəkar istifadə üzrə keçirilən ödənişsiz təlimlərə yekun vurulub. Belə ki, fevralın 13-də təlimləri başa vurmuş dinləyicilərə informasiya texnologiyaları üzrə mənimsədikləri biliklərin səviyyəsinə görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Bilik Fondunun sertifikatları təqdim olunub.

Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilib. İlk mərhələsi başa çatmış layihə əhalinin aztəminatlı təbəqəsi – qaçqın və məcburi köçkün, şəhid ailələrinin üzvləri, sağlamlıq imkanları məhdud olan şəxslər üçün nəzərdə tutulub.

Online rejimdə keçirilən təlimlərə Bakı şəhəri ilə yanaşı, Lənkəran, İmişli, Bərdə, Göyçay, Şamaxı və Qəbələ rayonlarının Elektron Hökumət Təlim-Tədris Mərkəzləri də qoşulub. Yerlərdən gələn təklif və istəklərə əsasən layihənin mart ayından etibarən davam etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın qarşıya qoyduğu hədəflərdən biri də bütövlükdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin asanlaşdırılması üçün bu texnologiyalara dair bilik və məlumatların əhaliyə çatdırılması, yeniyetmə və gənclərə müasir texnologiyalardan düzgün istifadə etmək bacarıqlarının aşılanmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.