CƏMİYYƏT
“Hamiləlikdə inkişaf portalı”nın təqdimatı keçirilib
Bakı, 14 mart, AZƏRTAC
Azərbaycan Tibb Universitetində Səhiyyə Nazirliyinin dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyinin hazırladığı “Hamiləlikdə İnkişaf Portalı”nın təqdimatı keçirilib. “Hamiləlikdə inkişaf portalı” layihəsinin əsas məqsədi gələcək anaların sağlam hamiləlik dövrü keçirməsi, maarifləndirilməsi və sosial fəallığının artırılmasına dəstək göstərməkdir.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, portal (www.hip.az) qadınların sağlamlığına, akademik və sosial inkişafına müsbət təsir etməyə xidmət göstərən xüsusi proqramlardan ibarətdir.
Portalda hamiləlik dövründə sağlam qidalanma, düzgün həyat tərzi, vacib tibbi xidmətlərdən istifadə və digər mövzularda məlumatlar toplanılıb.
Tədbirdə qeyd olunub ki, hamiləlik qadının həyatında həssas dövr hesab olunur və bu mərhələdə xanımların düzgün məsləhətlərə ehtiyacı var. Belə ki, qadının ailə üzvləri də hamiləliyin fizioloji gedişatı və baş verə biləcək fəsadlar barədə məlumatlı olmalıdırlar. Bu sahəyə aid olan vacib tibbi biliklərin cəmiyyətə təqdim olunması baxımından portal böyük əhəmiyyətə malikdir.
Təqdimat mərasimində layihə çərçivəsində UNICEF Azərbaycan, “Wowoman”, Psixi Sağlamlıq Mərkəzi, Bakı Pilates Mərkəzi, Yoqa Şahi və digər təşkilatlarla əməkdaşlıqdan bəhs olunub.