İQTİSADİYYAT
“Hanaco Venture Capital” İnnovasiya Agentliyinin rezidenti - “Iownit” layihəsinə 4,5 milyon dollar sərmayə yatırıb
Bakı, 8 oktyabr, Pərvanə Rəhimova, AZƏRTAC
“Hanaco Venture Capital” İnnovasiya Agentliyinin rezidenti - “Iownit” layihəsinə 4,5 milyon dollar sərmayə yatırıb.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İnnovasiyalar Agentliyində “Hanaco Venture Capital”ın idarəedici partnyorları Paşa Romanovski, Alon Lifşitz və “Daniloff Capital”ın idarəedici partnyoru Lior Prosor ilə görüş keçirilib.
Şirkət barədə məlumat verən P.Romanovski bildirib ki, mərkəzi kapital fondu Nyu-York və Təl-Əvivdə yerləşən “Hanaco Ventures” İsrail ekosistemində perspektivli startaplara sərmayə yatırır. “Daniloff Capital” isə inkişaf etməkdə olan bazarlarda ixtisaslaşan müstəqil investisiya idarəetmə butikidir.
“Hanaco Ventures”in təmsilçiləri Azərbaycan şirkətləri ilə tərəfdaşlıq imkanlarını müzakirə etmək, İsrail və ABŞ innovasiya ekosistemləri liderləri ilə əlaqələrin qurulmasına yardım göstərməyə açıq olduqlarını bildiriblər.
İnvestisiya və tərəfdaşlıq imkanlarını yüksək qiymətləndirən hər iki tərəf Azərbaycanda elmi tədqiqat mərkəzlərinin yaradılması barədə razılığa gəlib. “Hanaco Venture Capital” indiyədək İnnovasiya Agentliyinin rezidenti olan “Iownit” layihəsinə 4,5 milyon dollar sərmayə yatırıb. Fond təmsilçisi növbəti illər ərzində yerli startaplara daha çox investisiya qoymağa hazır olduğunu deyib.
İnnovasiya Agentliyi idarə heyətinin sədri Tural Kərimli qonaqlara beynəlxalq layihələr, uğurlu startaplar və gələcək planlar barədə məlumat verib. O, agentliyin investisiya və qrant əməliyyatlarını blokçeyn texnologiyasına əsaslanan “Iownit” platforması vasitəsilə həyata keçirmək niyyətində olduğunu bildirib.