Hande Harmancı: Pandemiya ilə mübarizədə çox mühüm bir mərhələyə gəlib çatmışıq
AzerTAg.az
Bakı, 15 fevral, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) pandemiyası həyatımızda gördüyümüz ən pis pandemiyadır və qlobal olaraq bütün dünyaya təsir edib. Baxmayaraq ki, bütün ölkələr təsirə məruz qalıb, lakin ən kasıblar daha çox əziyyət çəkir. Sözsüz ki, daha həssas ölkələr və əhali qrupları daha çox təsirə məruz qalıb. Yaxşı xəbər budur ki, dünya səviyyəsində yeni yoluxma hallarının sayı azalmaqdadır. Təxminən 70 faizə qədər azalma var. Lakin bir çox ölkədə gündəlik yoluxma hallarında artım müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” mövzusunda keçirilən beynəlxalq vebinarda deyib.
H.Harmancı bildirib ki, pandemiya qlobal səviyyədə səhiyyə sisteminin hazırlığı və çevikliyinin əhəmiyyətini bir daha ön plana çıxarıb: “Pandemiyanın ilk ilini arxada qoyandan sonra qlobal səylər nəticəsində əlimizdə artıq bir sıra vaksinlər və diaqnostika metodologiyası var. Bunlarla pandemiyaya nəzarət etmək mümkündür. Bu, həm ümid yaradır, həm də sınaqdır. Sözsüz ki, pandemiya ilə mübarizədə çox mühüm bir mərhələyə gəlib çatmışıq. Vaksinasiyadan əlavə, əl gigiyenasına, fiziki məsafə prinsiplərinə maska istifadəsinə diqqət yetirilməlidir. Çünki virusun yeni variantları, ştammları ortaya çıxa bilər”.

Xəbərin mətnində orfoqrafik səhv var