DÜNYA
Hanoyda ikinci ABŞ-KXDR sammitinin media mərkəzi təqdim edilib
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 27-28-də Hanoyda keçiriləcək ikinci ABŞ-KXDR sammitinin beynəlxalq media mərkəzi rəsmən təqdim olunub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, mətbuat mərkəzinin təntənəli təqdimat mərasimində Vyetnam Baş nazirinin müavini, xarici işlər naziri Fam Bin Min, Hanoy Xalq Komitəsinin sədri (Hanoyun meri) Nquen Dık Çunq, həmçinin milli KİV-lərin rəhbərləri iştirak ediblər.
Son texniki nailiyyətlərlə təchiz olunan 30 min kvadratmetrlik mətbuat mərkəzi eyni vaxtda 3 min jurnalisti qəbul edə biləcək. İkinci ABŞ-KXDR sammitində akkreditasiyadan keçmiş yerli və xarici KİV nümayəndələri burada internetə çıxışı olan kompüterlərdən, telefonlardan, fakslardan və digər müasir rabitə vasitələrindən istifadə edə biləcəklər. Hələlik keçiriləcəyi yer barədə məlumat verilməyən sammit mətbuat mərkəzində canlı yayımlanacaq.
Media mərkəzi 1985-ci ildə istifadəyə verilən Sovet-Vyetnam dostluğu adına Mədəniyyət Mərkəzində yaradılıb.