İQTİSADİYYAT


Hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqi layihəsi üzrə iclas keçirilib

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 13-də Bakıda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiya, Asiya İnkişaf Bankı və “Azərbaycanın hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqinə dəstək” layihəsini icra edən yerli və xarici məsləhətçilərin birgə təşkilatçılığı ilə layihə üzrə ilk plenar iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədri, Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulduğu müddətdə bir çox ilklərə imza atan ölkələrdən olduğunu deyib. Bildirib ki, Azərbaycan hasilat sənayesində ən yüksək şəffaflığı təşviq edən, beynəlxalq təşəbbüsləri dəstəkləyən və 2003-cü ildə MHŞT-yə ilk qoşulan, 2005-ci ildə dünyada MHŞT üzrə hesabatı ilk çap edən və 2009-cu ildə Tamhüquqlu üzv statusunu əldə etmiş ilk ölkə olub: “İlk gündən Azərbaycan hökuməti MHŞT-nin prinsip və standartlarına bütünlüklə əməl edib və Təşəbbüsün uğurlu tətbiqi üçün əlverişli mühiti yaratmaq istiqamətində bütün zəruri addımları atıb. Ölkəmiz Təşəbbüsün daha uğurlu tətbiqi məqsədilə MHŞT sahəsində çoxtərəfli səyləri bir araya gətirməklə hər bir MHŞT hesabatında yeniliklərin tətbiqinə və inkişafa nail olub. Ümumilikdə 2003-2015-ci illər ərzində Azərbaycan 20 MHŞT hesabatı açıqlayıb. Lakin 2017-ci ilin martında Azərbaycanın MHŞT üzrə fəaliyyəti ədalətsiz şəkildə dayandırılıb, ölkəmiz MHŞT-ni rəsmi şəkildə tərk edib”.

Ş.Mövsümov qeyd edib ki, bu prosesin davamlılığını təmin etmək məqsədilə 2017-ci ilin aprelində Prezident İlham Əliyevin “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb. Komissiyanın yaradılması bir daha Azərbaycanın hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə beynəlxalq səyləri dəstəklədiyini, müvafiq standartların tətbiqini uğurla davam etdirmək əzmində olduğunu göstərir.

Asiya İnkişaf Bankının Bakı ofisinin rəhbəri Nəriman Mannapbekov isə Azərbaycanın MHŞT-dəki fəaliyyəti və bu Təşəbbüsdən çıxması prosesindən danışıb: “Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yaradılmasının mühüm əhəmiyyəti var. Bank ölkədə hasilat sənayesində şəffaflığın artmasına dəstək göstərməyə davam edəcək. Bunun üçün məşhur konsaltinq şirkətləri cəlb olunmaqla bu sahədə qabaqcıl dünya təcrübəsinin tətbiqinə başlanılıb”.

Sonra layihə üzrə sorğunun nəticələri açıqlanıb, müzakirələr aparılıb.

İclasın panel sessiyalarında hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasının əhəmiyyəti, hasilat sənayesində benefisiar sahiblik terminin əsas elementləri, Azərbaycan qanunvericiliyində qeyd edilən terminin mövcud və təklif edilən təriflərinin mümkün variantları, layihənin həyata keçirilməsində beynəlxalq təcrübənin tətbiqi və bir sıra digər məsələlər müzakirə olunub.

İclasda hökumət üzvləri, beynəlxalq təşkilatların, diplomatik nümayəndəliklərin, hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlərin nümayəndələri, vətəndaş cəmiyyətinin üzvləri iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.