İQTİSADİYYAT
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində könüllü gömrükçülərlə görüş olub
Bakı, 25 fevral, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində 3-cü “Könüllü gömrükçü” qrupunun üzvləri ilə görüş keçirilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, komitədə formalaşdırılmış 3-cü “Könüllü gömrükçü” qrupunun üzvləri fəaliyyət göstərəcəkləri struktur bölmələrin kollektivlərinə təqdim olunur. Bu məqsədlə təşkil edilən görüşdə DGK-nın Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, “Könüllü gömrükçü” qrupunun rəhbəri Vüqar Əliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi rəisinin birinci müavini Elmir Quliyev, Baş İdarənin əməkdaşları və könüllülər iştirak edib. Görüşdə Baş idarənin strukturu, fəaliyyət istiqamətləri və iş prinsipləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, dəstənin 300-dək üzvündən 97 nəfəri növbəti 3 ay ərzində Baş İdarədə çalışacaq, təcrübəli əməkdaşların nəzarətində malların gömrük rəsmiləşdirilməsi, gömrük nəzarətinin həyata keçirilməsi, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydaları, sadələşdirilmiş bəyannamələrin tərtibatı ilə yaxından tanış olacaq, praktiki bacarıqlar əldə edəcəklər.
Görüşdə Xocalı soyqırımından da bəhs edilib. Könüllü gömrükçülərin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Azərbaycan və ingilis dillərində çap edilən, Xocalı həqiqətlərindən bəhs edən 2400 ədəd bukletin ölkəmizə səfər edən xarici turistlərə paylanması, onların baş verən bu qətliam barədə məlumatlandırılması işində yaxından iştirak edəcəkləri də diqqətə çatdırılıb.
Görüşün sonunda Xocalı soyqırımına həsr olunan “Sonsuz Dəhliz” sənədli film nümayiş etdirilib.