İQTİSADİYYAT
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar “Azərişıq” ASC-də qabaqlayıcı tədbirlər görülüb
Bakı, 30 mart, AZƏRTAC
Hava şəraitinin kəskin dəyişməsini nəzərə alaraq, martın 30-31-də istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədilə “Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülüb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə Rayon Enerji Təchizatı və Satışı idarələri üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib. Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində növbətçilik təşkil edilərək zəruri mal-materialların ehtiyatı yaradılıb.
Hazırda ölkəboyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Hər hansı bir problem yaranarsa istehlakçılar “199” saylı “Çağrı mərkəzi”nə zəng edə bilərlər.