CƏMİYYƏT


Havaların isti və quraq keçməsini nəzərə alaraq vətəndaşlara təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmək tövsiyə olunur

Bakı, 5 avqust, AZƏRTAC

Ağsunun Gəgəli kəndinin yüksək dağlıq ərazisində başlayan yanğının meşə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da hadisə yerindədirlər və Fövqəladə Hallar Nazirliyinin, yerli kənd camaatının köməyi ilə yanğının tez bir zamanda söndürülməsi və meşəyə keçməməsi üçün çalışırlar.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

İ.İbrahimova bir daha vətəndaşlara müraciət edərək bildirib ki, havaların isti və quraq keçməsini nəzərə alaraq təbiətdə olarkən odla ehtiyatlı olsunlar, yanğın təhlükəsizliyi qaydalarına əməl etsinlər: “Yanğın məsələsindən o qədər narahatıq və bu mövzuya o qədər həssasıq ki, haradasa yanğın baş verdikdə bu xəbəri ürək ağrısı ilə qəbul edirik. İstəyirik ki, bu narahatlıq, həyəcan bütün vətəndaşlarımızda da olsun. Təəssüf ki, yay mövsümündə təbiət ərazilərində, meşələrdə yanğınların baş verməsi bir reallıqdır və qaçılmazdır. Lakin hamımız bir nəfər kimi bu həyəcanı, narahatlığı hiss edib maksimum dərəcədə ehtiyatlı olsaq, belə fəlakətlərin baş verməsinin qarşısı alınar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.