CƏMİYYƏT


Havanın çirklənməsi orqanizmdə xroniki və nevroloji xəstəliklərin yaranmasına səbəb olur

Bakı, 22 iyun, AZƏRTAC

Hava çirkliliyinin beyin sağlamlığına mənfi təsirləri olduğunu bildirən mütəxəssislər son dövrlərdə atmosferdə karbon qazının səviyyəsinin artması və bu halın insanların nevroloji sisteminə zərərlərini dəyərləndirib. Havadakı zərərli komponentlərin xüsusilə miqren xəstəliyindən əziyyət çəkənlərə çox ciddi təsir etdiyini qeyd edən nevrologiya üzrə mütəxəssis Nihat Mustafayev, “Beyin oksigenlə qidalanan orqandır və bu orqanın düzgün qidalanmaması bütün sistemin zədələnməsinə səbəb olur” deyib.

AZƏRTAC “Çapa” xəstəxanasına istinadla bildirir ki, professor N.Mustafayev havanın çirklənməsinin xəstəliklərə və ölüm hallarının artmasına səbəb olan faktorlardan biri olduğunu deyib. Atmosferi çirkləndirən maddələr insanlara və ekosistemə mənfi təsir göstərə bilir. Havaya qarışan çirkləndiricilər müvafiq olaraq kükürd dioksid, hidrogen sulfid, karbon monoksit, azot oksidləri və digər hissəciklərdir. Havanın çirklənmə dərəcəsini ölçmək üçün Hava Keyfiyyəti İndeksindən (AQI) istifadə olunur.

Havada oksigen səviyyəsinin normal olması insan sağlamlığının qorunması üçün vacib amildir. Beynin oksigendən istifadə edən bir orqan olduğunu nəzərə alsaq, bu komponentlərdəki balanssızlıq orqanizmin tarazlığını pozur və beyində qalıcı ziyana səbəb olur. Nəticədə orqanizmdə nevroloji xəstəliklər yaranır və mövcud xəstəliklərin şiddəti artır.

Xüsusilə son 100 ildə mineral yanacaqların həddindən artıq istifadəsi, istehsal və istehlakın artması atmosferi çirkləndirməyə davam edir. Hava çirkliliyi ciddi xəstəlikləri olan insanlara, xüsusilə miqren kimi xroniki və nevroloji xəstəlikləri olan şəxslərə təsir edir.

N.Mustafayev havanın çirklənməsinin miqren xəstəliyinə təsiri barədə aparılan tədqiqatlara istinad edərək, “Atmosferin çirklənməsi və onun insan orqanizminə təsiri ilə bağlı araşdırmalardan biri olan “Environment International” jurnalındakı məqalədə qeyd edilib ki, Cənubi Koreyanın paytaxtı Seul şəhərində miqren diaqnozu ilə təcili xidmətə müraciət edən 18 min 921 xəstədən əldə edilən məlumatlara əsasən havanın çirklənməsi nisbətinin artması miqrenə səbəb olur. Çirklənmənin artması, eyni zamanda, havanın temperaturunun normadan çox olmasına səbəb olur”,- deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.