CƏMİYYƏT


Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək, yağış, qar yağacaq

Bakı, 10 may, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi mayın 9-u axşamdan 10-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Düşən yağıntının miqdarı Qəbələ, Kişçayda (Şəki) 8, Xınalıqda 5, Şahdağda 4, Qırız, Şəki, Oğuz, Ordubadda 3, Göygöl, Ağdərə (Ordubad), Lənkəran, Astara, Lerik, Sarıbaş (Qax), İsmayıllıda 2, Yardımlı, Neftçala, Biləsuvar, Hacıqabul, Salyan, Cəfərxan, Sabirabad, Kürdəmir, İmişli, Zərdab, Göyçay, Yevlax, Xaltan, Qusar, Mərəzə, Zaqatala, Ağstafa, Ağdam, Şəmkir, Gəncə, Gədəbəy, Daşkəsən, Şahbuz, Naxçıvan, Binə, Sumqayıtda 0,4-1 millimetr olub. Şimal-qərb küləyi əsib, Daşkəsəndə sürəti saniyədə 25, Naftalan, Gəncədə 20, Naxçıvan, Ağdamda 16 metrədək güclənib.

AZƏRTAC xəbər verir ki, bu barədə departamentin direktoru Umayra Tağıyeva jurnalistlərə açıqlamasında məlumat verib.

U.Tağıyeva, həmçinin bildirib: “Mayın 11-də respublikanın rayonlarında arabir yağış yağacağı, gecə bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı gözlənilir. Bəzi dağətəyi rayonlarda dolu düşəcəyi, Böyük Qafqazın yüksək dağlıq ərazilərində qar yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. Mayın 11-də gündüz saatlarında əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Lakin mayın 12-13-də bəzi rayonlarda yenidən arabir yağıntılı hava şəraiti gözlənilir.

Bakıda və Abşeron yarımadasında mayın 11-də bəzi yerlərdə yağış yağacağı, 10-dan 11-nə keçən gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 10-15, arabir 18-23 metr olacaq, axşama doğru mülayimləşərək 7-12 metr təşkil edəcək. Havanın temperaturu gecə 14-16°, gündüz 19-23° isti olacaq.

Mayın 12-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Havanın temperaturu 26°-dək yüksələcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.