DÜNYA
Havay adalarında səhvən ballistik raket həyəcanı elan edilib
Bakı, 14 yanvar, AZƏRTAC
Havay adalarına ballistik raketin istiqamətləndiyinə dair verilən yanlış təcili xəbərdarlıq sakinlər arasında təşvişə səbəb olub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, vətəndaşların mobil telefonlarına səhər saatlarında təcili siqnal kodu ilə “Havay adalarına qarşı ballistik raket təhdidi. Dərhal sığınacaq tapın. Bu, bir təlim deyil!” məzmunlu mesaj göndərilib.
Ştatın Fövqəladə Hallar Xidmətinin nümayəndəsi Riçard Repoza telefonlara göndərilən xəbərdarlığın yanlış həyəcan siqnalı olduğunu açıqlayaraq, hadisənin araşdırıldığını bildirib.
Pentaqon da hər hansı bir təhlükənin olmadığı barədə açıqlama yayıb.
Ştatın qubernatoru David Ige xəbərdarlığın səhvən göndərildiyini deyib. O, CNN telekanalına bildirib ki, təcili xəbərdarlıq mesajının mobil telefonlara göndərilməsi fövqəladə hallar xidməti əməkdaşlarından birinin səhvi üzündən baş verib. Belə ki, standart prosedur qaydasını həyata keçirən əməkdaş səhv düyməni basıb.