DÜNYA


Havay sakini yalançı raket həyəcanından infarkt keçirdiyinə görə ştatın administrasiyasını məhkəməyə verib

Vaşinqton, 29 noyabr, AZƏRTAC

ABŞ-ın Havay ştatı administrasiyasının bu ilin yanvarında səhvən raket hücumuna dair elan etdiyi həyəcan siqnalından sonra bu əyalətin infarkt keçirən sakini Ceyms Şilds iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

Xatırladaq ki, 2018-ci il yanvarın 13-də Havay adalarının Fövqəladə Hallar Agentliyi adalara ballistik raketlərin yaxınlaşdığı barədə sakinlərə yanlış informasiya göndərib. Məlumat sakinlərin mobil telefonlarına daxil olan bildiriş vasitəsilə çox sürətlə yayılıb. Səhvin düzəldilməsi və bu bildirişin yanlış həyəcan olduğu barədə təkrar xəbərdarlıq edilməsi isə 38 dəqiqədən sonra baş verib.

AZƏRTAC xəbər verir ki, iddia ərizəsinə görə, Ceyms Şilds və onun rəfiqəsi Brenda Reyçel məlumatı çimərliyə gedərkən alıblar. Sağ qurtulmaq şansının olmayacağı qənaətinə gələn Şilds uşaqlarına zəng edib və birlikdə öləcəkləri düşüncəsi ilə onları da çimərliyə çağırıb. Lakin çimərliyə çatmamış ürəyində kəskin ağrılar hiss edən Havay sakinini xəstəxananın reanimasiya şöbəsinə aparıblar. Həkimlər Şildsə miokard infarktı diaqnozu qoyublar.

Şildsin vəkillərinin iddiasına görə, raket hücumu haqqında yanlış məlumat və onun vaxtında ləğv olunmaması iddiaçının infarkt keçirməsinə səbəb olub. İddia ərizəsində cavabdeh qismində ştatın administrasiyası, həmçinin həmin vaxt Havay adaları Fövqəladə Hallar Agentliyinin rəisi olan Vern Miyaqi və agentliyin on əməkdaşı göstəriliblər.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.