DÜNYA
Havay ştatında atışma nəticəsində iki polis zabiti öldürülüb, üç nəfər itkin düşüb
Vaşinqton, 21 yanvar, AZƏRTAC
Havay ştatındakı Honolulu şəhərinin prestijli rayonlarının birində öz evində yanğın törətməkdə şübhəli bilinən şəxslə atışma zamanı iki polis zabiti öldürülüb. Yanğın genişlənərək bir neçə başqa evi də əhatə edib.
AZƏRTAC xəbər verir ki, Honolulunun polis rəisi Süzen Ballard bu hadisə ilə əlaqədar, jurnalistlər üçün mətbuat konfransı keçirib. Ballard bildirib ki, şübhəli şəxsin özü - 69 yaşlı Cerri Hanel də daxil olmaqla üç nəfər indiyə qədər itkin düşmüş hesab olunur. Hanelin yanğında həlak olması güman edilir.
Ballard deyib ki, ayağından bıçaq yarası almış bir qadın 911 xidmətinə müraciət edəndən sonra üç polis zabiti hadisə yerinə gəlib. Polis zabitləri hadisə yerinə gələndə şübhəli şəxs onlara atəş açıb. Az sonra daha bir neçə polis zabiti hadisə yerinə gəlib və Hanelin evindən tüstü çıxmağa başlayıb. Ballard bildirib ki, bıçaq yarası almış qadının vəziyyəti ağırdır.
Məhkəmə sənədlərindən məlum olur ki, Cerri Hanelin yaşadığı evi icarəyə verən şəxs onun oradan köçürüləcəyini bildirib və Hanel buna aqressiv münasibət göstərib. Hadisənin təfsilatı hələlik məlum deyil. Təhqiqat davam edir.
AZƏRTAC-ın Vaşinqton bürosu