SİYASƏT
Hayfada “Bakı yəhudiləri” mövzusunda mühazirələr olmuşdur
Bakı, 4 aprel (AZƏRTAC). İsrailin Hayfa şəhərində, Alimlər evində və Absorbsiya İdarəsinin “Hayfa-Bakı” cəmiyyətində “Bakı yəhudiləri” mövzusunda mühazirələr oxunmuşdur. “Azİz” Beynəlxalq Assosiasiyasından AZƏRTAC-a bildirmişlər ki, tibb elmləri doktoru, professor, Bakıda və Hayfada yaxşı tanınan həkim-psixiatr Miron Fel mühazirələrlə çıxış etmişdir ki, bu mövzuya müraciət etməsində Bakıda doğulması, bu gözəl şəhəri sevməsi və onunla qürur duyması böyük rol oynamışdır.
Üçüncü nəsil bakılı olduğunu bildirən professor demişdir: “Babam İsay Fel Bakıya 1907-ci ildə gəlmişdir və Bakı ətrafındakı Balaxanı neft qəsəbəsində kitab və yazı kağızı mağazası açmışdır. Atam İosif Fel Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra ömrünün axırınadək Azərbaycanın səhiyyə sistemində işləmişdir. Zənnimcə, 60 ildən çox Bakıda yaşadıqdan sonra uzun əsrlər boyu yəhudilərlə azərbaycanlıların dostluq şəraitində yaşadıqları barədə danışmağa nəinki haqqım çatır, hətta mütləq danışmalıyam. Düşünürəm ki, bu, psixoloji baxımdan tolerantlıq, qarşılıqlı anlaşma və hörmətlə izah edilən bir haldır”.
Azərbaycanda heç vaxt antisemitizm təzahürlərinin qeydə alınmadığını diqqətə çatdıran alim demişdir: “Əlamətdar haldır ki, bu yaxınlarda Bakıda olmuş Hayfa merinin müavini xanım Yuliya Ştraym şəhərin gözəlliyindən və insanlar arasındakı xoş münasibətlərdən söz açarkən rus dilində sərbəst danışmaq imkanını xüsusi vurğulamışdır”.
Azərbaycanlılar və yəhudilər arasında əsrlər boyu qorunub saxlanılan belə münasibətlər Azərbaycan xalqının son dərəcə tolerant olması, hər iki xalqın daim qarşılıqlı anlaşmaya və bir-birinə hörmət bəsləməyə can atması kimi tarixən təşəkkül tapmış amillər sayəsində mümkün olmuşdur.
Alim demişdir: “Biz, Azərbaycandan olan repatriantlar yaxşı bilirik ki, Azərbaycanda yəhudi icması inkişaf edir və çiçəklənir. Ən əhəmiyyətlisi isə Bakıda regionda birinci və yeganə yəhudi məktəbinin açılmasıdır. Bakıda bizim hamımızı yaxşı xatırlayırlar və unutmurlar. “Baku” jurnalının son nömrəsində hazırda İsrail vətəndaşları olan bakılıların həyatından söz açılır. Yəhudilərin və azərbaycanlıların çoxəsrlik ənənəvi dostluğu davam edir”.